Şəhid Tural
Vətən müharibəsində şəhid olan
kəndlim Tural Rəhimovun xatirəsinə…
İndi gəl öz adınla,
göylərə ucal şəhid.
Torpağa sevgisiylə,
tanınan Tural şəhid.
Sən idin o düşməni,
sındırıb, diz çökdürən.
Özünü əsgər bilib,
rütbəsini sökdürən.
Vətən səni çağırdı,
dar gündə köməyinə.
Oğlu olmasaydın,
nəyinə lazımdın nəyinə.
Gedirdin sən irəli,
atasısan Yağmurun.
arxada ləngiməyə,
yol verməzdi qürurun.
Getdin ucaltdın bizi,
oğul, üzün ağ olsun.
Yenə atan sınmadı,
dedi vətən sağ olsun.
Qızım Şuşa
Şəhid kapitan Elçinin Ağayevin yeni doğulan qızına
Şuşa adı verilib.
Mən Şuşanı çox sevirdim, qızım
Şuşaya gedib çıxa bilmədim
yolda şəhid oldum
amma ölmədim.
Məndən sonra adını
Şuşa qoydular, qızım
Mən sənə gələ bilmədim
sən gəl qəbrim üstünə
quca, qızım
uca qızım
Şuşa qızım.
Bu şəhərin qəhrəmanı olmağı düşünürdüm
amma atası oldum
uzanıb torpağında
yatası oldum, qızım
uca qızım
Şuşa qızım
yanaqların Cıdır düzüdü
bulaqları gözündü
küləyi nəfəsindi
elə hər şey özündü
uca qızım
Şuşa qızım
Şəhid Həsən
Vətən müharibəsi şəhid, kəndlim
Həsən Dəmirovun xatirəsinə…
Şəhid Həsən
Sənə əhsən
ki, vətənin
bu günündə öndə getdin,
şəhidliyin zirvəsinə elə yetdin,
mərd, qürurlu, üzüağ-
uca zirvə, uca dağ!
Düşmənin bağrın yarıb
səsin kəsən-
şəhid Həsən,
sənə əhsən!
Sən ucaltdın kəndimizi,
təzələdin şəhid izin,
süründürdün düşmənləri dizin-dizin.
Yox oxşarın, yox bənzərin, biləsən,
Şəhid Həsən,
Sənə əhsən!
Şəhid Ramazan
2023-ci il 19 sentyabrda antiterror əməliyyatında
şəhid olan kəndlim Hüseynzadə Ramazan üçün
Uzanan o səsiylə,
Vətən səni çağırdı.
Bu tabut nə böyükdü,
Bu tabut nə ağırdı.
İlahi, oğulların,
Bir bax gör hardan gəlir.
Vətənin beşiyindən,
Edibdi dardan gəlir.
Gözlərində yuxusu,
Nə şirindi şəhidin.
Üzündəki gülüşü
Necə var, elə qalıb.
Nə gözəl ölümdü bu,
Könüllərdə bu dindi.
Şəhadəti lap uca,
Şərbəti şipşirindi.
Arzun çin oldumu?
Vətənçün sədaqətə.
Axı özün demişdin,
“Vilayətdən şəhadətə”.