Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə deyib ki, bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə tarixi Qələbədən sonra bizim iqtisadi fəaliyyətimiz uğurludur. Bu gün bütün dünyada bu və ya digər səbəblərdən iqtisadi geriləmə baş verdiyi halda Azərbaycan haqqında bu fikirləri səsləndirmək olmaz. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar, həyata keçirilən layihələr, ölkəmizdə etibarlı investisiya mühitinin yaradılması, xarici siyasətdə çevik və balanslı siyasətin yürüdülməsi bizə imkan verir ki, inkişafımızda dinamizmi təmin edək, yeni-yeni uğurlar qazanaq.
Sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın Azərbaycanda investisiyaları durmadan artır.
Bizim iqtisadiyyatımız özümüzü təmin edir, biz xarici kreditlərdən asılı deyilik. Qeyd etdiyim kimi, növbəti il xarici borc ÜDM-in sadəcə yeddi faizini təşkil edəcək. Bizim konvertasiya olunan valyuta ehtiyatlarımıza və xarici borcumuza baxsanız, görərsiniz ki, konvertasiya olunan valyuta ehtiyatlarımız borcdan on dəfə çoxdur.
Beləliklə, başqa sözlə desək, biz bir ay içində xarici borcumuzu ödəyə bilərik. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik – bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur. Xarici risklər, bəli, var, lakin bu, sərhədlərimizin xaricindəki vəziyyətdən asılı olacaq. Sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Beləliklə, bu, Azərbaycan üçün potensial risk ola bilər. Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın.
İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. İqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir.
Azərbaycan bir ay içində xarici borcunu ödəyə bilər. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik – bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur.
Surxay Səlimov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı