ADA Universitetində ənənəvi keçirilən beynəlxalq tədbirlər Azərbaycanın ümumilikdə regionun gələcəyinə yönələn təşəbbüslərinə, birgə addımların atılmasını zərurətə çevirən hədəflərə işıq salır. Dekabrın 6-da keçirilən Forumun iştirakçıları isə bir gün öncə işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edərək burada görülən işlərlə yaxından tanış oldular. Nəzərə alsaq ki, Foruma 30 ölkədən 60-dan çox nümayəndə qatılmışdı, bu sayda iştirakçıların vasitəsilə Azərbaycan həqiqətlərinin təbliğində öz sözünü deyəcək.
Prezident İlham Əliyevin cari ilin 6 dekabr tarixində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışında göstərdi ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi. İki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən şahidi olduq ki, Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. Ancaq zamanında təkliflərimizi rədd edən erməni separatçıları bizi hədələyirdilər ki, buraya tank üzərində gələcəklər.
İki hadisə baş verdi ki, bu, bizim üçün sonuncu, qırmızı xəttin keçilməsi demək idi. Birincisi, Ermənistanın baş nazirinin dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki idi ki, bu, Ermənistanın baş nazirinin dedikləri və imzaladığı ilə tam ziddiyyət təşkil edirdi. Çünki keçən ilin oktyabrında Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır və həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbuledilməz və ziddiyyətli idi. İkinci və sonuncu qırmızı xətt isə həmin hadisədən bir həftə sonra dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası prezidentinin seçkiləri idi ki, bu da İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş şifahi razılıqların tamamilə pozulması oldu.
Sülh ilə bağlı olan ümidlər tükənmişdir. İndi biz bir neçə beynəlxalq çağırışla üz-üzəyik. Təəssüflər olsun ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük. Beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz. Qarabağda dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar sülh ilə bağlı olan bütün təşəbbüsləri boğurdular. Ancaq Azərbaycanın müraciətləri və bəyanatları lazımi şəkildə dəyərləndirilmədi.Erməni separatçıları hazırda Azərbaycanın ədliyyəsinin hökmünü gözləyirlər.
Hazırkı məqamda Azərbaycanın təklifi çox aydındır. Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar.
Yasər Muradov,
Cəlilabad RİH-nin şöbə müdirin müavini