2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı bö-yük Qələbəmizin nidası oldu. Haqq savaşımızın qalibiyyətinə həsr olunan parad bu meydanda olmuş əvvəlki paradlardan fərqli idi. Çünki bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak ediblər. Təntənəli hərbi paradda Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və digər qoşun birləşmələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əlahiddə Ümumqoşun Ordunun, Raket və Artilleriya Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularının tribuna önündən mətin addımlarla irəliləməsi Azərbaycan Ordusunun hərbi qüdrətinin, qəhrəman əsgər və zabitlərimizin vətənpərvərliyinin, rəşadətinin və Qələbə əzminin ifadəçisi idi.
Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Zəfər paradında Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər. Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi.
2020-ci ildə baş tutmuş Zəfər paradımız beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərin hərbi yolla icrasının reallaşdırılmasının göstəricisi oldu. Biz, xalqımızın qələbəsi ilə fəxr edirik. İndi Azərbaycan əsgəri təmas xəttində deyil, dövlət sərhədində xidmət edir. Ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində bu günlər vaxtilə doğma ocaqlarından didərgin düşmüş soydaşlarımız indi doğma yurd-yuvalarına qayıdır.
Emil Şəmmədov,
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi