2020-ci il 10 dekabr tarixində Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında Zəfər paradı keçirilmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevbu tarixi tədbirə belə qiymət vermişdir: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.”
Qeyd edək ki, 27 sentyabrdan dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Azərbaycan işğal illərində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdı. Cənab Prezidentin dediyi kimi, “Biz yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı”. Azərbaycan bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını yaratdı. Bu formatın həyata keçirilməsi nəticəsində indi həm regionda, həm beynəlxalq arenada geosiyasi vəziyyət əvvəlkindən çox fərqlidir.
Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə nail olduq. Ali Baş Komandan başda olmaqla müzəffər Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr diplomatik-siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Ermənistanın kapitulyasiyası ilə Qarabağ münaqişəsinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya isbat etdi. Xalqımız bu tarixi qələbəni sevinclə qarşıladı.
Ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı. Azərbaycan inkişaf edərək torpaqları azad etdi. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı.
Azərbaycanın işğalçıları məğlub etməsi, xalqın inamını özünə qaytardı. 90-cı illərdə müstəqillik əldə olandan sonra, həm xarici, həm də bəzi daxili qüvvələr tərəfindən Azərbaycan xalqında ruh düşkünlüyü yaratmaq cəhdləri iflasa uğradı. İctimai şüurda sağlam əhval-ruhiyyə baş qaldırdı. Vətəndaşların bir-birinə olan münasibəti yeni səviyyəyə qədəm qoydu, Azərbaycan gəncində qələbə əzmini artırdı.
Möhtəşəm Qələbə paradının keçirilməsi Azərbaycan tarixinin ən zəfərli, şanlı, şöhrətli günləridir. Biz xoşbəxtik ki, Azərbaycan tarixinin məhz bu dövründə yaşamaq bizə nəsib olub.
Simran Əlizadə,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Şiləvəngə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi