Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Partiyanın yaradıcısı dahi şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim partiya statusunu alan YAP daim siyasi proseslərin önündə olub, ona göstərilən etimadın öhdəsindən layiqincə doğruldub.
Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu.
Ulu öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. YAP-ın son qurultayında Prezident deyib: “YAP-ın bu günümüz üçün zəruri olan uğuru, yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilməsi oldu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın, Yeni Azərbaycan Partiyasının tarixində önəmli mərhələnin təməlini qoydu. 1991-1993-cü ilin iyununa qədər olan dövr Azərbaycanın tarixində uğursuz bir səhifə kimi öz əksini tapıb. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövrü yaddaşlardadır. Belə çətin məqamda xalq üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu”.
Qürur duyduğumuz ən mühüm gerçəklik isə sürətlə inkişaf edən bugünkü Azərbaycandır. YAP ölkənin ən böyük və qüdrətli siyasi partiyasıdır: Bu partiyanın gücü məhz onun ümummilli lider Heydər Əliyevin ideyaları əsasında meydana gəlməsindədir. YAP-ın gücü Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutmasında, sıralarında birləşən 700 mindən nəfərdən çox insandadır. Azərbaycanın tarixi boyu hələ heç bir partiyanın ətrafında bu qədər üzv olmayıb. Bu, sadəcə, statistika deyil, partiyanın gücünün və qüdrətinin göstəricisidir.
Prezidentimizin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bununla fəxr etməyə dəyər. Düşünürük ki, Prezident İlham Əliyevin Sədri olduğu partiya məramı, proqramı, həm də fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır, cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayır, bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranıb. Ölkəmizin, vətəndaşlarımızın xeyrinə olan bütün bu çağırışları ürəkdən alqışlayırıq, möhtərəm Prezidentimizə minnətdarlığımızı bir daha bəyan edirik.
Rafiq Ağayev,
Yeni Azərbaycan Partiyası
Cəlilabad Rayon Təşkilatının sədr müavini