Yevlaxda başından güllə ilə vurulan kişi öldü – Yenilənib+Fotolar

Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov  Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət aləti olan odlu silah ondan götürülüb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib.

Araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, Ə.Nəsibov parkda “Makarov” tapançası ilə başından vurulub.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Vurulan şəxs TikTok-un aktiv istifadəçisi olub. O, həmin sosial şəbəkədə daha çox “azəri canavar” adı ilə tanınıb.

***

Yevlax Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Qeyd olunub ki, noyabrın 12-si Yevlax rayonu ərazisində 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun baş nahiyyəsindən xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Saleh Əliyevin Yevlax şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Əhməd Nəsibovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.