2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən Zəfər paradı böyük Qələbəmizin nidası oldu. Haqq savaşımızın qalibiyyətinə həsr olunan parad bu meydanda olmuş əvvəlki paradlardan fərqli idi. Çünki bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi.
Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər Gününü yazdı. Bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu. Bu tarix 30 il həsrətlə gözlədiyimiz sevinci xalqımıza yaşatdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu, düşmənin illərdir qurduğu istehkamları yarıb keçdi, hərbi texnikasını məhv etdi, qənimət kimi götürdü, Ermənistanı kapitulyasiyaya məcbur etdi.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Xankəndə hərbi paraddakı çıxışında səsləndirdiyi “Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada – Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi. O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada – Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır” fikirlərinə yönəldərək bildirib ki, dövlətimizin hər bir addımının arxasında Azərbaycanın bugününə və gələcəyinə xidmət edən məqsəd dayanır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olmaqla yanaşı, həm də bu sənədə uyğun olaraq Kəlbəcərin, Ağdamın və Laçının bir güllə belə atılmadan geri qaytarılmasını şərtləndirdi.
Təbii ki, Azərbaycan Ordusu o zaman bütün ərazilərimizi azad etmək üçün kifayət qədər böyük gücə, potensiala malik idi. 44 gündə 30 ilin işğalına son qoyulması bunun bariz nümunəsidir. Hər gün irəli gedən, döyüş ruhu, torpaq, Vətən sevgisi ilə dünyanı heyran edən Azərbaycan əsgəri və zabiti üzərinə düşən missiyanı sonadək şərəflə yerinə yetimək iqtidarında idi. Lakin unutmamalıyıq ki, o zaman müharibənin davam etdirilməsi böyük insan itkisi, şəhidlərimizin sayının daha da artması ilə nəticələnərdi. Bu məqamı dövlət başçısı İlham Əliyev də xüsusi qeyd etmişdir ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi.
Xankəndi hərbi paradı bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.
Emil Şəmmədov,
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi