İlk Konstitusiyamızın qəbul olunmasından keçən müddət tarixən qısa olsa da, Azərbaycan Respublikası həmin müddətdə bütün sahələrdə xeyli irəliləmiş, ölkədə aparılan siyasi və iqtisadi islahatlar, həyata keçirilən demokratik dəyişikliklər iqtisadiyyatın intensiv inkişafına, sosial-iqtisadi və ictimai-siyasi həyatda böyük uğurların qazanılmasına imkan yaratmışdır. Strateji məqsədlərin həyata keçirilməsi, qlobal iqtisadi və sosial layihələrin reallaşdırılması, dövlətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq baş verən yeniliklər yetərincədir. Hüquqi və vətəndaş cəmiyyəti quruculuğunda yeni meyillər, cəmiyyətin inkişafında pozitiv cəhətlər meydana çıxır, beynəlxalq əlaqələr və insan münasibətləri təkmilləşir, ayrı-ayrı dövlətlərin siyasi sistemlərindən müsbət cəhətlər mənimsənilir.
Məhz bu hadisədən sonra ölkəmizdə hüquqi islahatların beynəlxalq standartlara uyğunlaşdırılması yolunda ciddi addımlar atıldı, bütün dövlət və ictimai təşkilatların iş üsulları Konstitusiyanın tələblərinə fəal şəkildə uyğunlaşdırıldı. Müstəqilliyimizin inkişaf etdirilməsi, ölkə üçün hava və su kimi lazım olan sabitliyin bərqərar olması yeni vüsət aldı, əsil vətəndaş cəmiyyəti təşəkkül tapdı.
Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutu yaradıldı.
Konstitusiyaya dəyişikliklər zamanın tələblərindən irəli gəlmişdir. Həmin məsələ respublikamızın ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Dəyişikliklərə diqqət yetirərkən gördük ki, məqsəd Konstitusiyanın daha da təkmilləşdirilməsindən, insan və vətəndaş hüquq və azadlıqlarının daha da inkişaf etdirilməsi və etibarlı mühafizəsindən, sivil, çağdaş modernləşdirmə siyasətini həyata keçirtməkdən ibarətdir, bunlar çoxşaxəli olmaqla inkişafın ayrı-ayrı sahələrini əhatə edir.
Malik Məmmədov,
Cəlilabad rayon Şatırlı kənd
tam orta məktəbinin direktoru