Müstəqil Azərbaycan Respublikasının gələcək inkişaf proqramı olan Kostitusiyamız dövlətçiliyimizin inkişafında, qloballaşan dünyada yerimizin möhkəmləndirilməsində, xalqımızın rifah-halının yaxşılaşdırılmasında ən mühüm təməldir. Azərbaycanı bir dövlət kimi bütün dünyaya tanıtdıran, günü-gündən yeniləşən respublikamızın həyatını mühüm dəyişikliklərlə əks etdirən, iqtisadi və sosial strategiyamızı əsaslandıran ən əsas sənəd məhz milli Konstitusiyamızdır. İyirminci əsrin əvvəllərində xalqımızın azadlıq yolunda mücadiləsinin bəhrəsi kimi əsrin sonlarında əldə olunan müstəqilliyimiz indi möhkəm əllərdədir.
Hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda, dövlətçiliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində Konstitusiyanın rolu çox mühümdür, Əsas Qanun müstəqillik əldə edən və ya hüquq sistemində köklü dəyişikliklərin həyata keçirildiyi, hüquqi dövlət quruculuğunu qarşıya məqsəd qoymuş hər bir dövlətin onurğa sütunudur. Dövlət quruculuğu ən əvvəl onun siyasi əsaslarının yaradılmasından başlanır. Bu mənada Konstitusiya cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün qarantıdır, dövlətin prioritetlərini əks etdirir, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin sivil çərçivəsini müəyyən edir, hüquqi tənzimləmə funksiyasını həyata keçirir, dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir.
Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ərsəyə gəlmiş və qəbul edilmiş Əsas Qanun ölkəmizin tarixində çox mühüm və taleyüklü tarixi hadisə olmaqla demokratiyamızın, dövlət suverenliyüimizin, insan hüquq və azadlıqlarının təminatı sahəsində artıq bizə çox şey vermişdir. Bizim cəmiyyətin ən mühüm dəyərləri bu qanunun təməl prinsiplərini təşkil edir.
Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”
Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövləti inkişaf etdirmək, vətəndaşların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir.
Əlövsət Muradov,
Cəlilabad RİH-in əməkdaşı