Tanınmış naşir, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu “Təkərli kitab dükanı” ilə ilk dəfə olaraq Bakının Fatmayı kəndinə yola düşüb.
İlk öncə onu vurğulayım ki, səyyar kitab satışı artıq bir çox ölkələrdə var. Hətta qardaş Türkiyədə səyyar kitab satışıyla məşğul olan insanların cəfakeşliyi ilə bağlı kifayət qədər yazılara da rast gəlmişəm.
Şahbaz bəyin bunu ölkəmizə gətirməsi isə təqdirəlayiqdir. O, bir video paylaşıb. Onlara yaxınlaşan bir xanım kəndin Mədəniyyət evinin direktoru olduğunu deyir və soruşur ki, “sizin burda dayanmaq üçün icazəniz varmı?” Kitab alan şəxslərdən biri qadına iradını bildirir və deyir ki, “gəliblər insanları maarifləndirirlər, siz isə soruşursunuz ki, icazəniz var?”. Xanım yenə əvvələ qayıdır: “Maarifləndirsinlər də, soruşuram ki, icazəniz var?”. Görəsən insanları maarifləndirmək üçün icazə almağa ehtiyacmı var? Doğrudan da çox acınacaqlı vəziyyətdir. Bu adamların beyninə icazə təbliğatını kim yeridib?
Mədəniyyət evinin direktoru ölkənin məşhur naşirini, hər həftə bəlkə də bir neçə açıqlaması və yazıları ilə ölkə mediasında çıxış edən Şahbaz Xuduoğlu kimi bir ziyalını tanımırsa, onda sizcə hələ “daş düşməyibmi o mədəniyyətin başına?”. Mən təklif edirəm ki, Şahbaz Xuduoğlunu tanımayan adam mədəniyyət idarəsininin rəhbəri vəzifəsində çalışmaqdan utanmalıdır.
Çoxdandır ki, götür-qoy edirəm. Niyə bizim ölkədə kitabı təbliğ edənlər çətinlik, ehtiyac içində dolanır, amma əxlaqsızlığı təbliğ edənlər 100 minlik avtomobil idarə edir, bahalı villalarda yaşayır? Onlar axı bu əxlaqsızlığı təbliğ etmək üçün kimdənsə icazə də almırlar. Düşünürəm ki, ölkəmizdə ən təmiz yer elə o kitabxanalar və kitab dükanlarıdır. Amma onları da lütfən bizim əlimizdən almayın. Necə ki, qəzet köşklərini marketə çevirdiniz.
Axşama kimi televiziyalarda əxaqsızlıq təbliğ edilir, amma bir adam onlardan soruşmur ki, bunun üçün icazə almısınızmı?
Düşünürəm və inanıram ki, bu dünyada ən savab işlərdən biri də elə kitabı təbliğ etməkdi. Bu savab işi görənlərə isə kiminsə icazə verməsinə məncə, ehtiyac yoxdur. İnsanlar kitabı sevir, heç kimin bunun qarşısında əngəl yarada bilməz.