Xəbər verdiyimiz kimi bir neçə gündür ki, Sabirabad şəhər Nizami Gəncəvi adına 5-nömrəli tam orta məktəbin 11-ci A sinifinin 15 nəfər şagirdinin hamısının ali məktəbə qəbul olması sosial şəbəkədə müzakirələrə səbəb olub.
İnsanlar məktəbin bu cür yüksək nəticə göstərməsində məktəb rəhbərliyinin də əməyini istisna etməyiblər.
Adalet.az-ın əməkdaşı adı çəkilən məktəbin direktoru Elsevər Kərimovla əlaqə saxlayıb. Elsevər Kərimov Azərbaycan Universitetinin tarix fakültəsinin məzunu olduğunu və illərdir ki, təhsil sahəsində dayanmadan xidmət göstərdiyini bildirib:
“Mən 1986-cı ildə Sabirabadın Zəngənə kəndində anadan olmuşam. Azərbaycan Universitetinin tarix fakültəsini bitirdikdən sonra doğulduğum kənddə müəllim kimi işə başlamışam. İlk dəfə kəndimizdə repetitorluğu mən yaratmışam.
Bir müddət sonra isə Sabirabad Təhsil Şöbəsində medotist, aparıcı-məsləhətçi vəzifəsində işləmişəm. Daha sonra isə direktorların imtahanında iştirak edərək Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbinə direktor təyin olunmuşam. Artıq iki ildir ki, direktor vəzifəsində çalışıram”.
E.Kərimov rəhbəri olduğu məktəbin qəbul imtahanında həmişə yüksək nəticələr göstərdiyini bildirib:
“Ümumiyyətlə, məktəbin nəticələri həmişə yüksək olub. İstər buraxılış-imtahanı, istərsə də qəbul imtahanları olsun. Hamısında şagirdlər yüksək nəticə göstəriblər. 2021-ci ildə 26, 2022-ci ildə 36 və bu il isə 39 nəfər məzunumuz ali məktəbə qəbul olub. Qəbulda irəliləyişimiz var. Əlbəttə ki, məktəbdə nə qədər idarəçilik təkmilləşərsə, işin üstündə olarsansa, irəliləyiş olacaq. Buraxılış-imtahan nəticələrimizdə də irəliyə doğru addımlar atılır. Nəticələr rayon məktəblərinin ən ön pillələrində gedir.
Bu il 11 A sinifimizin 15 nəfər şagirdinin hamısı yüksək nəticə göstərib və ali məktəbə qəbul olublar. On beş nəfər şagirdimizdən 7 nəfəri 500 baldan yuxarı nəticə göstərib”-deyə direktor bildirib.
Vasif Əlihüseyn