Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində sadə insanların yanında olması, orada keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışında irəli sürdüyü müddəalar onun Azərbaycanın güclü lideri olmasının bir daha sübutudur. Dövlət başçısı qürurtla deyib ki, biz xoşbəxt günləri yaşayırıq. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Bu baxımdan, dövlətimizin başçısının rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə vaxtilə didərgin düşmüş insanların Laçında məskunlaşması bayram ərəfəsaində onun xalqımıza hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir.
Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra rayon ərazisi vəhşiliklə və amansızlıqla dağıdılmışdır. Erməni işğalı nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilmiş və 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.
Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki hələ tezdir. Laçının gələcəyi irəlidədir və işıqlıdır. Erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçımızın birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.
Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.Laçın şəhəri lap yaxın gələcəkdə dünya miqyasında tanınan bir məkan olacaq. Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını göstərir.
Laçın rayonunun erməni işğalından azad olunması və geniş bərpa-quruculuq tədbirləri tarixi ədalətin bərpası olmaqla yanaşı prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında gələcək günlərə xalqımızın xoş ümidləri deməkdir.
Ədalət Əsgərov
Cəlilabad rayon Ağsaqqlar Şurasının sədri