İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.
Özbəkistan və Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi dövlətlərarası əlaqələrin növbəti mərhələsidir. Bu sənəd həm ikitərəfli, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə həll etməyə imkan yaradır. Səfərin yekunları göstərdi ki, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Özbəkistan üçün açıqdır. Azərbaycanın kommunikasiya xətlərindən istifadə də üçün Özbəkistan üçün qazanclı ola bilər. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Azərbaycanda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu.
İnvestisiyalarının inkişaf dinamikası artır. İyunun 21-də Azərbaycan və Özbəkistan dövlət başçılarının imzaladıqları “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” xüsusi əhəmiyyətə malikdir, gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu çox sürətlə inkişaf edəcəkdir.
Azərbaycan Prezidenti ilə Özbəkistan Prezidentinin Daşkənd görüşü Azərbaycan- Özbəkistan arasında münasibətlərin yeni mərhələsinin başlamasından xəbər verir. Bu səfərdən sonra iki ölkə başçısı arasında aparılmış səmimi müzakirələrdən sonra Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr daha da möhkəmlənəcək.
Fizuli Cəfərov,
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri