Xəbər verdiyimiz kimi ölkədə qadın qətllərinin sayı artmaqdadır. Avqust ayında beş nəfər qadın əri, qardaşı və oğlanları tərəfindən qətlə yetirilib.
Adalet.az-ın əməkdaşı məsələylə bağlı Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının fikirlərini öyrənib. T.Rüstəmxanlı baş verən hadisəyə görə təəssüfləndiyini bildirib:
“Qadın cinayətləri get-gedə artır. İstər dindar, istərsə də çağdaş dövlət olsun dəxli yoxdur. Dövlətin yönündən, hansı səviyyəsindən asılı olmayaraq bu qətllər dünyanın hər yerində baş verir. Azərbaycanda da belə hadisələr olurdu, amma bu qədər sıxlıqla və çox hal təşkil etmirdi. Bizdə qadına baxış acısı fərqlidir. Amma bu məni də narahat edir. Məsələn, bir qadın təşkilatının rəhbəri olaraq bilmək istəyirəm ki, bu qətllərin səbəbi nədir? Hətta səbəbi nə olursa olsun bir ananı övladının qətlə yetirməsi nə qədər zalımlıqdır. Nə olursa olsun o sənin anandır, dəxli yoxdur. Ondan imtina edə bilərsən, həyat tərzi sənə xoş gəlməyə bilər, amma ananı öldürmək nə deməkdir. Belə cinayətlər törətməyiniz və yaxud da qardaşın bacısını öldürməsi çox neqativ haldır. Bunun baş verməsinin səbəbi təhsilsizlikdirmi, cahillikdirmi və yaxud da maddə bağımlısıdırmı?! Adətən maddə bağımlılarının gözləri heç nə görmür və bu cür qətllər törədirlər. Bəs görən 16 yaşlı uşağın beyni niyə belə pozulub ki, gözünü qırpmadan anasını qətlə yetirib. Biz cəmiyyət olaraq bu hadisələrə təpki göstərməliyik. Bunu ciddi şəkildə araşdırmalıdırlar. Bunun səbəblərini aradan qaldırmaq lazımdır, bu hadisələrin aradan qaldırılması üçün cəmiyyət olaraq çalışmağımız lazımdır”.
Psixoloq Zeynəb Əyyova isə məsələylə bağlə saytımıza bunları deyib:
“Ümumiyyətlə, hər bir halda səbəbi müzakirə olunmadan qadın qətllərini pisləyirik. Biz psixoloqların şiddətə yox dediyi bir vaxtda, belə qətllər qarşımıza çıxanda çox pis oluruq. Bunun səbəbləri araşdırılmalıdır. Necə bir mental dəyərdə, mental vəziyyətdə böyüdülür ki, bu uşaqlar, bu kişilər cəmiyyətə necə buraxılır ki, oğlan uşaqlarına namus anlayışı öldürməklə aşılanır. Əgər bir insan pisdirsə, onun əxlaqında problem varsa, onu həyatından çıxart, onu həyatdan çıxartma. Çünki sən ona hansısa ziyanı verəndə ilk zərbəni özünə vurmuş olursan. Oğlanlarımız bu dəyərdə böyüdülməlidir. Ümumiyyətlə, kişilərə bu aşılanmalıdır ki, əgər bir münasibətdən razı deyillərsə, o münasibətdən uzaqlaşsınlar. Nəinki onu öldürüb öz metoduyla cəza vermək. Bunun bir mənalı olaraq əleyhinəyik. Valideyn pis də, yaxşı da olsa insan üçün önəmli məfhumdur”.
Qeyd edək ki, avqust ayında adlarını sadaladığımız bu qadınlar qətlə yetirilib. Onu da bildirək ki, məsələni sosial şəbəkədə vəkil Zibeydə Sadıqova ictimailəşdirib:
Qadın qətlləri davam edir 18 günə 5 qadın qətli:
02 avqust 2023-Bakı-Məlahət Əfəndiyeva-58 yaş-qardaşı yumruqla vurub və yıxılaraq ölüb.
05 avqust 2023- Bakı-Tacirə Salmanova-34 yaş-əri öldürüb;
16 avqust 2023-Salyan- Günel İbrahimova-25 yaş-əri öldürüb;
18 avqust 2023-Ucar-Şəlalə Qurbanova-42 yaş-oğlu boğaraq öldürüb;
21 avqust 2023-Sumqayıt Corat-Günay Zülfüqarovanı 16 yaşlı oğlu öldürüb.
Vasif Əlihüseyn