Bu hekayə anam Şəlalənin xatirəsinə həsr olunur. Burda anamla qəbirüstü söhbət etmişik.
– Mama, salam!
– Salam, ay Vasif!
– Nətərsən?
– Sağ ol.
– Bu gün ildönümün idi, ona görə gəlmişdim.
– Hə. Neçə il olur?
– Artıq 8 il olur ki, bizləri tərk etmisən.
– Mən tərk etmədim ki.
– Bəs nə oldu?
– Allah belə məsləhət gördü və əzrayılı göndərdi.
– Bəs əzrayıla demədin ki, 49 yaş nə idi ki, qoymadınız məni yaşamağa.
– Dedim. Dedi ki, rəqəmlərin yerin səhv saldıq.
– Bəs indi səni geri qaytarmaq olmaz?
– Yox.
– Vasif, sən Allah mən öləndə ağladın?
– Həm ağladım, həm də sevindim.
– Bir de görüm həm ağladım, həm sevindim nə deməkdi, ay şair!
– Ağladım ki, bizi tərk etdin. Sevindim ki, daha səni heç kim söymür, narahat edə bilmir, telefonların da evdə qalıb, zəng edə bilmirlər. Söz düşəndə də deyirəm ki, neyləyim, gedib anamı qəbirdən çıxardım?
– Hə, başa düşdüm.
– Məndən sonra vəziyyət necədi orda?
– Elə gördüyün kənddi, bir-iki adam ölüb bu illər ərzində.
– Onları sayma, onsuz da orda kim ölürsə hamısı bura gəlir.
– Faxı xala ordadı, qonşumuz?
– Hə, burdadı. Hərdən gəlir yanımda oturub söhbət edir, mən də qəbrimin içini təmizləyirəm.
– O da xərçəngdən öldü.
– Hə, deyib mənə.
– Mama, o ağrıların yenə olur?
– Yox, sizin kalendarla desəm 19 avqustda bütün ağrılarımdan qurtuldum.
– Mümkün olmadı da səni bu xəstəlikdən xilas edək.
– Eybi yox, nə yazılıbsa, o da oldu. Allah belə məsləhət bildi.
– Dədəni, Bağdagül nənəni, Pakizə nənəni, Arastun papanı, Xanım mamanı görürsən?
– Hə. Hamısın görürəm. Pakizə nənən burda da qonşuları yığır başına çay dəmləyir içirik.
– Bəs Paşa dədəmdən nə deyir?
– Deyir ki, Paşa Rusiyətdədi, gələcək.
– Bəs dədə hardadı?
– Dədəni dovğa bişirəndə çağırıram. O, da dovğa bişirəndə məni çağırır. Elə onda görürəm.
– Bəs nənəni?
– Nənə də hər dəfə pendir, süd gətirir sizə. Deyirəm ki, burda yoxdular, o da qaytarıb aparır. Bilir axı mən də süd, pendir yemirəm.
– Mama, indi baxıram ki, Teyyub müəllimi də sənin yanında dəfn ediblər. Görürsən onu?
– Arastun babanın yanına gəlib-gedir. Dedi ki, Arastun sənə görə vəsiyyət elədim ki, məni burda dəfn eləsinlər. Arastun baba da soruşdu ki, bəs sənə təsbehimi verdim, neylədin?
– Dedi ki, Paşaya vermişəm, gələndə gətirəcək.
– Mama, Teyyub müəllimi basdırdıqları yeri Paşa dədə özünə saxlamışdı. Amma bir də xəbər tutdu ki, orda müəllimi dəfn ediblər.
– Əşi Paşa dədən o vaxtı elə mənim də yerimi özünə saxlamışdı. Amma gördüm ölmək fikri yoxdu, yer əldən çıxacaq özüm öldüm. Ona denən çox belə şeylərə baş qoşmasın. Onsuz da kimi harda dəfn edirlər etsinlər, torpağın altında hamı bir yerdədi. (Gülür)
– İndi kənddə çox adamı təzə qəbiristanlıqda dəfn edirlər.
– Bilirəm, amma təzəylə-köhnəni birləşdiriblər, hamı birdi. Torpağın üstündə siz o fərqi hiss edirsiniz.
– Ay Vasif, bacın necədi? Gedib-gəlirsən?
– Yaxşıdı. Hə, imkan olanda gedirəm.
– Neçə uşağı var?
– Sənin vaxtında bir uşağı var idi. İndi artıq üç uşağı var.
– Lap yaxşı. Sən də evləndin?
– Hə, indi iki oğlum var.
– Bilirəm, yenə də söz aldım səndən. Servanta qoyduğun şəklimdən hər şeyi görürəm. Uşaqların üstünə az qışqır evdə.
– Yaxşı.
– Vasif, bizdə nə var, nə yox. Təndirim qalır?
– Təndirin sən öləndən sonra demək olar ki, uçub.
– Bəs niyə Maral xalanı gətirmirsiz ki, onu bir şirələsin.
– Şirələyib neyləyəcəyik ki? Kimdi ona çörək yapan?
– Bəs atan evlənmədi ki?
– Yox, yenə əmilərimin yanındadı.
– Görürsən, o gün biri burda dedi ki, ərin evlənib. Camaat neçə ara qarışdırır e, ədə! Papan yazıq dedi ki, uşaqları yerbəyer edək, qayıdıb gələcəm bir yerdə yaşayarıq. Gördüm ki, uzun çəkəcək mən də çıxıb gəldim.
– Nahaq.
– Bəs neyləyərdim? Allahın qabağında söz demək olar?
– Orası da düzdü.
– Vasif, mənsiz necə yaşayırsınız, darıxmırsınız? Qonşuya gedən kimi gəlib deyirdiniz ki, mama, gəl evə, mama, gəl evə. İndi niyə demirsiniz?
– Deyirik e, mama, sən eşitmirsən.
– Hə, ola bilər torpaq qulaqlarımı tutub dənə. Onsuz da bir qulağım ağır eşidirdi axı.
– Başqa nə təzə xəbər var e, mama.
– Sizdə təzə xəbər olanda, bizdə də təzə xəbər olur. Başqa maraqlı heç nə yoxdu. Hamı uzanıb qəbrinin içində.
– Mama, mən gedim mollaya deyim gəlsin sənə bir yasin oxusun.
– Yox, neynirsən iki manat da ona verirsən. Lazım deyil, özün gəlibsən bəsdi. Get day, gecdi. Hamıya salam deyərsən məndən.
– Oldu, mama.
18 avqust, 2023-cü il.