Yazıb-oxumayan xalq eyni palçığa dəfələrlə girməyə məhkumdur – Aqşin Yenisey yazır

Azərbaycanlıların, məsələn, ermənilərdən, yaxud yəhudilərdən fərqli olaraq başlarına gələn faciələri tez unutduqlarını çoxları xalqımızın ürəyigenişlik, kin saxlamamaq kimi yüksək dəyərə sahib olması ilə yozur.

Tamamilə pafosdur və heç bir elmi əsası yoxdur.

Kollektiv yaddaş deyə bir yaddaş növü var; hər bir xalq əldə etdiyi təcrübələri qoruyub saxlayaraq özünün kollektiv yaddaşını formalaşdırır.

İbtidai şüura sahib kollektivlərdə bu yaddaş görmə və eşitmə sayəsində formalaşırdı. Bu toplumlar təcrübələrini ya qayanın üstünə çəkirdilər, ya da əhvalat kimi danışırdılar. Zaman və məkan şərtləri isə bu yaddaşı təhriflərə məruz qoyur, faydalılığını zədələyirdi.

İnkişaf etmiş kollektivlərin isə kollektiv yaddaşı yazma-oxuma sayəsində formalaşır. Yəhudi və erməni həmişə özünü yazıb və oxuyub. Tövrat bir yəhudi tarixidir. Bəzən deyirlər ki, peyğəmbərlər bəşəriyyətə göndərilib. Əsassız fikirdir. Bütün peyğəmbərlər ilk millətçilər idilər. Bu barədə dini kitablara istinadən sonra danışarıq.

Yaxud hər nə qədər alban olduğu sübut olunmağa çalışılısa da Kalankatuklunun “Albaniya tarixi” əsəri, təhrif olunmuş bir erməni tarixidir.

Hətta türklərin Anadoluda, İran coğrafiyasında qurduqları imperiyalarda belə yazıb-oxuma işinə həmişə farslar baxıblar. Bu imperiyaların mədəni kimliyini formalaşdıranlar türk şahlarını, sultanlarını öz ayağına gətirən öz dövrlərinin fars intellektualları olublar.

Məsələn, Mövlananın, müridləri haqqında artıq-əksik danışan türk məmura camaatın içində “ey bacısı qəhbə” deyə çəmkirdiyini yazan mənbələr var. Nə idi bu özgüvənin səbəbi? Qələm! Kitab! Mədəni güc Mövlananın əlində idi.

Mədəni güc kimin əlindədirsə dövlət gec-tez onun olacaq!

Hətta mən bu fikirdəyəm ki, Anadoluda mədəniyyət Mövləvi lirizmi üzərində deyil, Molla Nəsrəddin realizmi üzərində formalaşsaydı ilk romanı ispanlar deyil, türklər yazacaqdılar.

Türk təfəkkürünün fars nəzmindən asılılığı onun roman üçün vacib olan realist, sarkastik təbiətini korladı, türkü atmosfer qatının dışına atdı.

Yəni bizim yazıb-oxumağa maraqsızlığımız, bu işi bacarmamağımız, bu günün məsələsi deyil.

Türk etnosu tarixin heç bir dövründə mədəniyyəti güc faktı kimi kullanmağa ehtiyac duymayıb. Problem yaranan kimi dağın başında bir təkər yandırıblar, hərə əlinə bir yaba götürün gəlib. Bu qədər!

Bizim kollektiv yaddaşsızlığımızın səbəbi də ürəyigenişliyimiz filan deyil, hərf görəndə qanımızın qaralmasıdır.

Yazıb-oxumayan insan təcrübələrini qorumadığı üçün eyni palçığa dəfələrlə girməyə məhkumdur, yazıb-oxumayan xalq da.

PAGE TOP