Xarıbülbülün Vətəni – Səfər təəssüratı

(Səfər təəssüratı)

Şuşa azad olunandan sonra bu şəhərə hər il çoxsaylı səfərlər təşkil olunur. Bu mədəniyyət beşiyini təkrar-təkrar görməyə daha çox şairlər, yazıçılar, alimlər can atırlar. Şuşaya yazılan şeirlər el məhəbbətinin ifadəsidir. Builki səfərlərdən birini Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyi birlikdə təşkil etmişdi. Səfərə Vaqif Poeziya Günlərində iştirak edəcək qələm adamları qatılmışdılar. Poeziya günlərinin açılığı Vaqifin doğulduğu Qazaxda oldu və Şuşa şəhərində davam etdirildi. Üçgünlük səfər boyunca Saatlı və Yuxarı Gövhərağa  məscidlərinə, Mir Möhsün Nəvvabın sərgisinə, Şuşa Xalça Muzeyinə, Yaradıcılıq Mərkəzinə ekskursiyalar təşkil olundu.

Poeziya günlərinin iştirakçıları Cıdır düzündə, İsa bulağında, Natəvanın evinin qarşısında, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində oldular. Səfərin yadda qalan məqamlarından biri Mehmandarovların malikanə kompleksində “Molla Pənah Vaqifin ədəbi yaradıcılığı Türk dünyası müstəvisində” adlı elmi konfransın keçirilməsi ilə bağlıdır. Qarabağın şöhrətlənməsində o zaman bu xanlığın hakimiyyətində yüksək mövqe sahibi olan Vaqifin xidmətləri saymaqla bitmir. Konfransa daha çox gənc tədqiqatçılar qatılmışdılar.
Natəvanın evinin qarşısında təşkil olunan “Vətənim Qarabağ” poeziya saatında, demək olar, bütün iştirakçılar şeir söylədilər. Tədbir özbək və türk şairlərinin poeziya saatına qatılması ilə yadda qaldı. Konsert proqramında özbəkcə oxunan nəğmələr də ürəkaçan idi. Tədbir “Vaqif dünyası” poetik-musiqili tamaşa ilə yekunlaşdı.

Şuşa mədəniyyət beşiyimizdir. Qırx dörd günlük Vətən müharibəsində cəsur oğullarımız qəfil hücumları ilə düşmənə şəhəri dağıtmağa imkan vermədilər. Lakin şəhərlə tanış olduqca bir həqiqəti hamı yaxşı dərk edir: düşmən millətimizin tarixini yaşadan abidələrə daha çox ziyan vurub. Natəvanın evinin, məscidlərin dağıdılması bunun bariz nümunəsidir.

Aşılanan abidələrdən biri Qala divarlarıdır. 1750-ci ildə Pənahalı xan tərəfindən əsası qoyulan Şuşa qalasının Gəncə istiqamətindən olan giriş qapısı öz qürurunu qoruyub saxlayır.

Ondan bir az aralı yerləşən qapı isə kol-kos içində itib. Ağoğlan qapısı, İrəvan qapısı da zamanında ziyarətçilərin Qalaya giriş-çıxış mənbəyi rolunu oynayıb. Qala divarları hörüləndən sonra burada xan sarayları, təmtəraqlı evlər, məscidlər, hamamlar, karvansaralar inşa edilmiş, bazar (Rastabazar) salınmışdır.

Şuşa on yeddi məhəllədən ibarət olmuşdur. Binaları əsasən daşdan hörülən məhəllələrin adları da maraqlıdır: Qurdlar, Dördlər qurdu, Dəmirçilər, Çuxur, Culfalar, Merdinli, Saatlı və sair adlar özündə maraqlı tarixi olayları və mifik dünyagörüşü də yaşadır. Şuşa həm də bulaqlar şəhəridir. Turşsu, İsa bulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Qırxbulaq, Çarıxbulaq, Saxsıbulaq, Yüzbulaq müxtəlif məhəllələri içməli su ilə təchiz edir. Ən məşhur bulaq isə Xan qızı Natəvanın adıyla bağlıdır. Onun səyi və şəxsi təşəbbüsü ilə 1871-ci ildə Şuşaya ilk su kəməri çəkildi və az müddətdə otuza yaxın hovuz tikildi. Hovuzlar məscidləri və hamamları su ilə təchiz edirdi.

Hamam türk xalqlarının mədəniyyət nümunəsidir. Hətta iyirminci yüzilliyə qədər ən mədəni xalqlar çəlləklərdə çimirdilər. Türkün hamamının tarixi qədimdir. Şuşada isə hər məhəllədə hamam olub.

Şuşa həbsxanası da özündə tarix yaşadır. Şuşa işğal altında olanda ermənilər bu həbsxanada əsir götürdükləri azərbaycanlılara işgəncələr verirdilər. Nəm zirzəmisi, soyuq otaqları olan həbsxana indi gərəksiz bir obyekt kimi hərbçilərimiz tərəfindən qorunur.

Orta yüzilliklərin mədəniyyət mərkəzlərindən biri karvansaralardır. Şuşanın ikimərtəbəli karvansaraları həm də ticarətin və mədəni əlaqələrin inkişafına şərait yaradırdı. Karvansaralarda tacirlərin atları və dəvələri üçün tövlələr də mövcud idi. Bu nəqliyyat heyvanları yemlə təmin olunurdu. Yerli memar Şəfi xan Qarabağinin Məşədi Şükür Mirsiyab oğlu üçün tikdiyi karvansara hər cür şəraiti ilə fərqlənirdi. Karvansaralarda yerli zinət əşyaları satılır, milli mətbəx isə səyyahları və tacirləri heyran edirdi.

Şuşanın ticarət mərkəzinə çevrilməsi burada mədrəsələrin və məktəblərin də yaranmasına səbəb oldu. Yeni tipli məktəblər Zülfüqar Hacıbəyov, Üzeyir Hacıbəyov, Yusif VəzirÇəmənzəminli kimi şəxsiyyətlərin yetişməsinə şərait yaratdı. Şuşa şairlər, musiqiçilər, rəssamlar, memarlar və çoxlu sənət adamlarının doğulub boya-başa çatdığı şəhər kimi Azərbaycan tarixinə düşmüşdür.

Şuşanı tanıdan həm də Qarabağ atlarıdır. At təkcə təsərrüfat üçün yaramırdı, döyüşlərdə, uzaq səfərlərdə Qarabağ atları xüsusilə fərqlənirdi. At həm də Cıdır düzündə keçirilən Çövkan oyununun baş qəhrəmanıdır. Qarabağın at yarışları milli idmanın zirvəsində dayanır.
Şuşa öz görkəmi ilə tamaşasına duranları heyrətləndirən Xarıbülbülün vətənidir. Xarıbülbül çiçək olaraq qalmadı, xalçaların ornamentinə çevildi, çeşniləri bəzədi, Qarabağın rəmzinə, simvoluna döndü.

Şuşanın keşməkeşli tarixini bilmədən bu şəhərin qiymətini vermək çətindir. Bu tarixi yaşatmaq, gələcək nəsillərə ötürmək üçün Şuşa yaşamalı, dirçəlməli, inkişaf etməlidir. Bu gün Şuşada bu istiqamətdə nəhəng işlər görülür. Hər elin, obanın baş yaraşığı isə onun sakinləridir. Şuşaya müntəzəm olaraq ekskursiv səyahətlər edilir, şuşalıların Şuşaya dönən gününün həsrəti ilə geri dönürlər. İndi Şuşaya gedənlər şəhərə baş çəkirlər, məskunlaşma bitəndən sonra şuşalılara baş çəkməyə gedəcəklər. 1992-ci ilin mayında Şuşadan olan dörd ailənin Cəlilabadda sığınacaq tapmasına köməkçi olmuşam. Bu ailə indi də Cəlilabadda yaşayır və Şuşaya dönəcəkləri günü həsrətlə gözləyirlər. Mən də gözləyirəm, gözləyirəm ki, bu ailələr Şuşaya dönsünlər və mən onları, onların həyətini və həyatını görməyə gedim.

Bu ümidlə Şuşadan ayrıldım. Səfərdaşlarım Çingiz Abdullayev, Rəşad Məcid, İlqar Fəhmi, Xatirə Fərəcli, Arzu Nehrəmli, Namiq Məna, Ağamir Cavad, Sevda Əlibəyli, İlqar Türkoğlu, Həyat Şəmi, Eşqanə Əzimli də bu inamla geri döndülər. Vaqif Poeziya Günləri səfər iştirakçılarında xoş duyğular oyatdı. Mən poeziya günlərində iki şeir oxudum. Biri qırxdördgünlük Vətən müharibəsinin şəhidi, qardaşım oğlu Əkbər Hüseynliyə müraciətlə sağlığında yazdığım mənzum məktub idi. Əkbərin anası oğlu cəbhədən dönəcəyi gündə qurban kəsməyi vəd vermişdi. Əkbər ayağı ilə getmişdi, çiyinlərdə qayıtdı. Anası vədinə əməl elədi, əsgərlər şəhidin tabutunu həyətdə yerə qoyan kimi qurbanını kəsdirdi. Qalib əsgərə qurban yaraşır, dedi.
Poeziya günlərində oxuduğum ikinci şeiri də qırxdördgünlük müharibə davam etdiyi vaxtlarda yazmışam. Mən şeirdən qabaqkı çıxışımda dedim ki, Şuşa azaddır, amma azad olmayan əzəli torpaqlarımız var. Bu şeir o arzulardan birini ifadə edir.

YOL
(Çağırış bədahətlərindən)

Naxçıvana piyada getmək istəyirəm,
dağlardan,
dərələrdən,
düzlərdən keçmək düşüb könlümə.
Yol boyu meyvədən,
giləmeyvədən yükümü tutub,
ovcumla Arazdan
su içmək düşüb könlümə.
Öz torpağımdan özümə sərhəd çəkiblər,
dilimdən qıfıl asıblar,
gözümə sədd çəkiblər.
Bu doğma yerlərə
qədəm qoymaq üçün
yadlardan icazə almalıyam,
uçaqla qalxıb,
qatarla enməliyəm,
bir sözlə,
yolumu uzaqdan salmalıyam.
Bu nə dərddir, İlahi,
əli süfrəmdə olan kürəyimdən vurur,
yeri ürəyimin başında olan
ürəyimdən vurur.
Nə vaxt ayılacağam,
nə vaxt düz baxacağam
həqiqətin gözünə?
Dizimi yerə atmaq vaxtıdır,
İlahi, qüvvət ver türkün dizinə!
Naxçıvana piyada getmək istəyirəm,
Göyçədən çıxıb,
Dərələyəzdən keçib,
Zəngəzurdan ötmək istəyirəm.
Yol yoldaşım Haqq,
Vasif
Vasif Elihuseyn
amalım Ədalətdir,
Tanrı da arxamca su atıb
uğur diləyir,
iradəm,
cəsarətim,
bir də qüvvətim
arzumu çin eləyir.
Haydı, ərənlər, qoşulun,
dərələrdən sel kimi keçək,
təpələrdən yel kimi keçək.
Öz əzəli torpağımıza
səfər etmək istəyirəm,
Naxçıvana piyada getmək istəyirəm.

 

Bilal Alarlı Hüseynov,
filologiya üzrə fəlsəfə doktoru

PAGE TOP