Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Prezident İlham Əliyevin cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışında belə bir mesaj verib.
Azərbaycanın şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı tələbimizdir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərtimiz odur ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Bu da icra edilmir.
Ali Baş Komandan qeyd edib ki, biz hələlik özümüzü təmkinlə aparırıq. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Yəni, biz bütün addımlarımızı vahid proqram əsasında atmışıq. Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi.
Prezidentimizin dediyi kimi, bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Yenə də deyirəm, biz haqq-ədaləti tələb edirik. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq.
Mahir Tarıverdiyev
Cəlilabad rayonu, Abazallı kənd
tam orta məktəbin direktoru