Uzun illər beynəlxalq təşkilatların sülh yolu ilə həll edə bilmədikləri, əslində isə həll etməyə borclu olduqları bu münaqişəni Azərbaycan öz gücü, səriştəsi hesabına həll etdi. Allah zəfərimiz yolunda canını qurban verən şəhidlərimizi rəhmət etsin! Qazilərimizə isə şəfa diləyirəm. Qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bununla paralel olaraq dövlətimiz öz ordusunu gücləndirir və Şuşa Bəyannaməsində də qeyd edildiyi kimi, Azərbaycan Türkiyə ordusunun modelində öz ordusunu müasir tələblərə cavab verəcək formada yenidən quracaq.
Azərbaycan Silahlı Qüvvələri daim Vətənin keşiyində dayanaraq ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorunması təminatını ən yüksək səviyyədə həyata keçirir. Bir daha əminliklə qeyd etmək istərdik ki, qalib Azərbaycan Ordusu bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək və Müzəffər Sərkərdəmiz, cənab Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər an hazır olacaqdır.
Qürurverici haldır ki, müharibədə əsgərlərimiz mərdliklə, böyük ruh yüksəkliyi ilə döyüşdü. Azərbaycan Ordusu ədalətli mövqe və dönməz iradə nümayiş etdirərək işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu döyüşlər ordu ilə xalqın birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Düşmənlə yanaşı, bütün dünya gördü ki, xalqımız öz ordusuna inanır, ordumuz isə xalqa arxalanır. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.
Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. 2021-ci il 24 dekabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə hərbi hissənin açılışında demişdir: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılmaqdadır və bu hissələr istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq”.
Ələkbər Dövlətov,
Lənkəran-Regional Qaz İstismarı İdarəsinin
rəisinin Cəlilabad rayonu üzrə müavini