Xəbər verdiyimiz kimi şəhid Elgün Şükürovun vəfatından 13 il ötür.
Bu münasibətlər Adalet.az-ın əməkdaşı Cəlilabadın Söyüdlü kəndində şəhidin ailəsinə baş çəkib. Şəhidimizin anası Qızbəs xanım Elgünün döyüş yolundan bəhs edib:
“Bu il Elgünün vəfatından 13 il ötür. Bir arzum var ki, Elgün unudulmasın, xatırlansın. Sizin kimi vətənsevər insanların bizi ziyarət etməsi, Elgünü xatırlaması bizi çox sevindirir. Beş övladım var, iki oğlan və üç qız. Elgün ailədə ikinci uşaq idi. 2008-ci ilin yanvar ayının 16-da Elgünün 18 yaşı tamam oldu. Əsgər gedəcəyinə görə çox sevinirdi. Yanvarın 17-də Elgünü əsgər yola saldım”.
Qızbəs xanım Elgünə baş çəkdilərini deyib:
“Elgün Füzulinin Abdulrahmanlı postunda xidmət edirdi. Həmişə telefon əlaqəsi saxlayırdıq. Bir ili tamam olanda onun yanına getdik. Komandiri, özü bizi gülərüzlə qarşıladı. Elgün fiziki cəhətdən çox inkişaf etmişdi”.
Anası Elgünün şəhid olarkən hərbi xidmətini başa vurmağa 9 gününün qaldığını bildirib:
“2010-cu ilin iyun ayının 19-dan 20-nə keçən gecə ermənilər Elgünün xidmət etdiyi posta hücum edirlər. Həmin vaxt Mübariz İbrahimov da şəhid olub düşmən tərəfdə qalmışdı. Elgün düşmənə cavab atəşi açır. Qızğın atışma başlayır. O əsgər yoldaşını göndərir ki, vəziyyəti komandirinə xəbər versin. Amma özü döyüşə davam edir və qolundan yaralanır. Buna baxmayaraq yaralı vəziyyətdə döyüşə davam edir və ermənilər onu susdurmaq üçün əl qumbarası atırlar. Əl qumbarası partlayarkən Elgün qəhrəmancasına şəhid olur. Komandiri və əsgər yoldaşları onun yanına gəldikdə artıq gec olur. Amma Elgün son nəfəsinə qədər döyüşərək postu düşmənə vermir. İyunun 21-də Elgünün tabutunu gətirdilər və onu kənd qəbiristanlığında böyük izdihamla dəfn etdik. Onun yas mərasiminə Milli Qəhrəman Mübariz İbrahimovun valideynləri də gəlmişdi”.
Şəhid anası bu gün mənzil növbəsində olduğunu bildirib:
“Üç ildir ki, mənzil növbəmiz çatıb və evin tikilməsini istəyirəm. Böyük oğlumun ailəsi ilə gördüyünüz bu bina evinin birinci mərtəbəsində qalıram. Qış aylarında evdə rütubət olur. Bina qəzalı vəziyyətdədir. Ona görə aidiyyatı qurumlardan istəyim odur ki, mənzilimizi tikib versinlər”.
Vasif Əlihüseyn