Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin ziyalılıq səviyyəsi özünü bu əlamətlərdə göstərirdi: elmilik, intellektuallıq, erudisiya; yüksək mədəniyyət, zövq, sözün geniş mənasında sənətkarlıq; millilik; novatorluq; varislik, ardıcıllıq; kollegiallıq və s.
Heydər Əliyev respublikanın inkişafı üçün bu və ya digər işi görməyə başlayanda mövcud təcrübələri öyrənir, məsələnin mahiyyətinə nüfuz edir, ən xırda detalları da nəzərdən qaçırmırdı. Özünəməxsus intellektuallığı, erudisiyası ilə atılacaq hər addımı ölçüb-biçir, profesionalların məsləhətlərini diqqətlə dinləyirdi. Hətta yaxşı bildiyi məsələləri də dönə-dönə müzakirə etməkdən usanmırdı. Və hər iş yüksək mədəniyyətlə, zövqlə, peşəkarlıqla görülürdü. O, kimin harada cəmiyyət üçün daha faydalı olacağını, nəyi necə etdikdə səmərə verəcəyini dəqiq müəyyən edirdi.
Ulu Öndər mənsub olduğu millətin mentalitetinin, mənəvi-mədəni dəyərlərinin bilavasitə daşıyıcısı olduğundan hər işdə milli atribusiyanı qoruyurdu. Və bilirdi ki, xalqın ruhunun qəbul edə bilməyəcəyi hər hansı addım, ilk baxışdan nə qədər zəruri görünsə belə, təqdir oluna, ümummilli dəyərə çevrilə bilməz. Odur ki, bu gün böyük şəxsiyyətin həyata keçirdiyi elə bir tədbiri, hadisəni təsəvvür etmək mümkün deyil ki, xalqın yaddaşında qalmasın, onun tarixinə düşməsin.
Dahi şəxsiyyət deyirdi: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir.” Və ya o, Mirzə Cəlilin yaradıcılığını belə bir yüksək səviyyədə qiymətləndirirdi: “Əgər Cəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəaliyyətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxartmağa çalışmasaydı, əgər onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı, xalqımız bu qədər inkişaf edə bilməzdi.”
Azərbaycanın dövlət başçısı öz siyasi- ideoloji fəaliyyətində milli olduğu qədər də novator idi. Heydər Əliyev elə bir ictimai- siyasi, mənəvi şərait yaratmışdı ki, Azərbaycanda dissident, yaxud “sandıq ədəbiyyatı” problemi olmamışdı. Alimlərin, yazıçıların, incəsənət xadimlərinin “anti- sovet” və ya “millətçi” əsərləri nəinki təqib, hətta çox hallarda təqdir edilir, gənc nəslin eksperimentlərinə qayğı ilə yanaşılırdı. “Qobustan”, “Ulduz”, “Azərbaycan” jurnalları, bir sıra elmi toplular, Azərbaycan xalqının etnogenezisinin müzakirə olunduğu məclislər, cəmiyyətə açıq elmi-ideoloji mühazirələr və s. yeni fikri yayır, yeni nəsil yetişdirirdi.
Ulu Öndər Heydər Əliyev özündən əvvəlki rəhbərlərdən fərqli olaraq, idarəçilik, geniş mənada quruculuq fəaliyyətində təsadüflərin diqtəsi ilə deyil, gələcəyə hesablanmış strateji ardıcıllıqla hərəkət edir, gördüyü böyük işin varisliyinə çalışırdı.
Meyxoş Abdullayev,
Azərbaycan Yazıçılar Birliyinin üzvü