Prezident İlham Əliyevin cari ilin 22 may 2023-cü il tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışında göstərilir ki, ölkələr arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq. Dövlətimizin başçısı demişdir ki, bizim səfərimiz fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.
Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır. Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Hər iki tərəfdən çox böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilmişdir.
Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır. Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir; Qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir.
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsət olmuşdur. Birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Gündəlikdə olan məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri var. Bütün məsələlərdə ümumi anlayış vardır.
Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır. Logistika, şəbəkələr və daşımalarda böyük əməkdaşlıq potensialı var. Daşımalar sektorunu yalnız tranzit gəlirləri potensialı ilə məhdudlaşmır. Burada, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsətidir.
Bəli, Azərbaycan ilə Litva arasında əməkdaşlıq potensialı böyükdür. İndi əsas vəzifə bu potensialı hərəkətə gətirmək, bu sahədə nəzərəçarpan uğurlar əldə etməkdir. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız bu imkanlardan maksimum yararlana biləcək.
Mirağa Həsənov,
Cəlilabad rayon Göytəpə şəhər sakini, Sahibkar