Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Nəzrinin (adı şərtidir) ağrılı həyat hekayəsindən bəhs edəcəyik. O, nə az, nə çox düz 8 il həbs həyatı yaşayıb. O, olanları belə nəql edib:
“Həyat yoldaşımla birlikdə fabrikdə işləyirdik və orda da tanış olub evləndik. İki qızım dünyaya gəldi. Amma əvvəl gündən ailəmin dağılmasına mən səbəb oldum. Ona başqa kişilərlə xəyanət etdim. Gecə o, işdə olanda başqa bir kişiylə evimdə görüşürdüm. Bir gün bizi birlikdə tutdu və dedi ki, nəyin var götür çıx get evdən. Mən də qızlarımı götürüb ata evimizə qayıtdım. Sonra kənddə ev tikib ora köçdüm”.
“Sərbəst qadın idim, həyatımda görüşdüyüm…”
“Ondan sonra alver edib ailəmi dolandırmağa başladım. Sərbəst qadın idim, həyatımda görüşdüyüm adamlar da var idi. Bunu kənddə də bilirdilər. Gedib İrandan pal-paltar gətirib rayonda satırdım. Ondan sonra Azərbaycanda müəyyən adamlarla tanış olub narkotik satışına başladım. Bir neçə il idi ki, bu işlə məşğul olurdum. Yaxşı pul qazanırdım, ev-eşik də tikdim. Çoxları isə elə bilirdi ki, pal-paltar satıram”.
“Amma zamanla buna öyrəşdim…”
“Bir gün hüquq-mühafizə orqanları əməliyyat keçirdi və bizi həbs etdilər. Ondan sonra məhkəməm oldu, mənə və qrup üzvlərimizə hökm oxundu. 8 il azadlıqdan məhrum edildim. İlk vaxtlar depressiyaya düşdüm, ağlayırdım, həbsxanada necə qalacağımı bilmirdim. Amma zamanla buna öyrəşdim və cəzamı çəkməyə başladım”.
“Orda elə adamların arvadı cəza çəkir ki…”
“Həbsxana da bir dünyadır. Oranın da öz qayda-qanunları var. Orda elə adamların arvadı cəza çəkir ki, desəm, inanmazsınız. Amma qadın məhbuslar üçün hər bir şərait yaradılıb. Uşaqlı qadınlara daha çox hörmət edirlər, ayrıca otaq verirlər ki, uşağına orda baxsın. Amma Allah heç bir qadına həbs həyatı yaşatmasın. Mənim üçün 8 il yüz il kimi keçdi. Bu illər ərzində qızım gəlib mənə baş çəkirdi”.
“Bilirəm, hər şeyə səbəbkar özüməm…”
“Dözüb cəzamı çəkdim və azadlığa çıxdım. İndi yaşım 50-ni keçib, nəvələrim var. Amma mən hamı kimi evdar qadın olmadım. Bilirəm, hər şeyə səbəbkar özüməm, başqalarını qınaya bilmərəm. Burdan qadınlarımıza səslənirəm, ərinizi aldatmayın, başqalarının şirin dilinə aldanmayın. Mən aldandım deyə boşandım, həbsxanaya düşdüm, olmazın əzablarını çəkdim”.
Vasif Əlihüseyn