Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Ankara şəhərində TÜRKPA-nın “Daha ədalətli dünya üçün parlament diplomatiyası: enerji, miqrasiya, ərzaq” mövzusunda keçirilən 12-ci plenar iclasında çıxışı zamanı söyləyib.
İclasda çıxış edən Günay Əfəndiyeva Türkiyə Cümhuriyyətinin quruluşunun 100-ci ildönümü münasibətilə təbrik edərək, bu ilin əvvəlində ölkənin böyük təbii fəlakətlə üzləşməsinin bütün Türk Dünyasını dərindən sarsıtdığını qeyd edib. Fondun prezidenti Türkiyəyə dəstək məqsədilə rəhbərlik etdiyi təşkilat tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini bildirib.
Günay Əfəndiyeva Türk Əməkdaşlıq Təşkilatlarından ən gənci olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun TÜRKPA ilə əlaqələrindən bəhs edərək, deyib: “Ötən ildən etibarən beynəlxalq heyətlə tam hüquqlu fəaliyyətinə başlayan Fond tərəfindən türk dövlətlərinin parlament nümayəndələri ilə keçirilən görüşlər, onların təşkilatın müxtəlif tədbirlərində fəal iştirakları TÜRKPA ilə münasibətlərimizi daha da gücləndirməkdədir. Bu dönəmdə Fond tərəfindən Nizami Gəncəvi, Əlişir Nəvai, Yunus Emre, Məhdimqulu Fəraqi, Abay Kunanbayev, Çingiz Aytmatov, Mikloş Radnoti və digər böyük sənətkarlara həsr olunmuş tədbirlər çərçivəsində təşkilatın mərkəzi qərargahında üzv dövlətlərin millətvəkilləri ilə görüşlər gerçəkləşdirildi. Bu ay Özbəkistanla təşkilat arasında mədəni sahədə tərəfdaşlığı genişləndirmək üçün ölkənin Ali Məclisinin sədri ilə görüşdük.
İki gün öncə Bakıda Fondun himayəsi ilə millətvəkillərinin iştirakları ilə Türk Dünyasının böyük oğlu Heydər Əliyevin 100 illiyi çərçivəsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95-ci ildönümü qeyd olundu. Fondun təşkilatçılığı ilə tamaşa göstərildi. Düşünürəm ki, bunlar TÜRKPA ilə mövcud əməkdaşlığımızın önəmli nümunələrindəndir”.
Günay Əfəndiyeva “Türk dünyasına baxış – 2040” çərçivəsində Fond tərəfindən aparılan işlərdən söz açaraq, bildirib: “Təşkilat Türk Dünyasının mədəni irsinə dair saziş sənədi hazırlamaqdadır. Sənəd yaxın günlərdə təşkilatın üzv ölkələrinə və parlamentlərinə göndəriləcəkdir. Eyni zamanda, ümumtürk irsi ilə bağlı, tərəfimizdən bu il Türküstanda Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı çərçivəsində böyük bir sərginin təşkili nəzərdə tutulur.”
Günay Əfəndiyeva təşkilatın Qarabağın incisi Şuşa şəhərinin 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı ünvanını daşıması ilə əlaqədar layihələrindən danışıb: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Şuşanın tarixi və mədəni irsinin müxtəlif ölkələrdə tanıdılması yönündə “Şuşa Günləri” adlı böyük layihə başladılıb. Şuşa tarix boyu görkəmli sənətkarların məskəni olmuşdur. Eyni zamanda işğaldan azad edilməsi ilə şəhər bütün Türk Dünyasında qürurun, fəxarətin rəmzinə çevrilmişdir. Təşkilatın ötən il Bursada və bu il Daşkənddə keçirdiyi “Şuşa Günləri”nin Türk Dünyasının digər şəhərlərində də təşkili planlaşdırılmaqdadır”.
“Şübhəsiz ki, Şuşanı geniş miqyasda tanıdarkən Türk qardaşlığının, birliyinin gücünü dünyaya bir daha sərgiləmiş oluruq”, – deyə Günay Əfəndiyeva bildirib.