Prezident İlham Əliyev cari ilin 25 aprel tarixində Bolqarıstanın paytaxtı Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışında maraqlı məsələlərə toxunub, o cümlədən ölkəmizin enerji potensialından geniş bəhs edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir il bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik.
Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir. Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, bütün real amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycan yaşıl enerjisi tezliklə təbii qaz qədər əhəmiyyətli olacaq, Azərbaycan həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək.
Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir.
Azərbaycanda bərpaolunan enerji mənbələrinin böyük potensialı olduğunu bildirən cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq. Ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı.. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaq. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatenerji potensialı mövcuddur. Yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır.
Rafiq Hüseynov,
Cəlilabad rayon Eçara kənd tam orta məktəbin direktoru