Şəhid idmançının atası: “Dedi ki, ata, irəli gedəcəyik səndən halallıq istəyirəm…”-FOTO+VİDEO

Vətən müharibəsi şəhidi Ümüd Qasımzadənin atası İlqar Qasımovun Adalet.az-a müsahibəsini təqdim edirik:

– İlqar müəllim, ilk öncə özünüzü təqdim edərdiniz…

– Qasımov İlqar Misir oğlu. Birinci Qarabağ müharibəsi qazisiyəm. Şəhid Ümüd Qasımzadənin atasıyam.

– Ümüdgil ailədə neçə uşaq idi?

– Ailədə üç uşaqdılar. Ümüd evin ilk övladıdır. Ortancıl qardaşı Türkiyədə təhsil alır, kiçik qardaşı isə orta məktəbdə oxuyur.

– Ümüd idmançı olub. Biz istəyərdik ki, onun idmandakı uğurlarından danışasınız…

– Ümüd uşaqlıqdan idmançı ruhunda böyüyüb. Özüm idmançı olmuşam deyə ona idman hərəkətlərini öyərtmişəm. Onun idmana cəlb edilməsinin səbəbkarı bizim Göytəpə şəhərinin tanınmış idmançısı Qadir Babayev və Elxan Abbasov olub.  2015-ci ildə biz bu idman növünü yenidən canlandırmaq üçün iş görmək istədik. Ümüdü görəndə isə Elxan Abbasov dedi ki, “bu bizim vizit kartımızdır”. Onda Ümüdün 15 yaşı var idi, o vaxtdan yüngül məşqlərə başladı. 16 yaşından isə Ümüd respublikada öz çəkisində 12-liyə düşməyi bacardı. Yəni qısa müddətə ağır atletdə respublika səviyyəsində uğur qazanmaq hər idmançıya qismət olmur. Bu isə Ümüdə verilən ilahi gücdən irəli gəlirdi. Ümüdün həddən artıq fiziki qüvvəsi var idi. Yavaş-yavaş nailiyyətlər qazanmağa başladı. 2017-ci ildə zona çempionatında yer tutmağa başladı. 2018-ci ildə respublikada tanınmağa başladı. Beşinci, altıncı yerləri qazandı, 2019-cu ildə isə respublikada yeniyetmələr arasında mükafatçılar sırasına düşdü. May ayında Respublika birinciliyinin gümüş mükafatçısı oldu. Noyabr ayında isə respublika kubokunun gümüş mükafatçısı oldu. Ümumilikdə Ümüdün 10 nailiyyəti var.

– Ümüd əsgəri xidmətinə nə vaxt getdi?

– Ümüd 2020-ci ilin may ayında əsgər getdi. Gənc əsgər kimi Gəncədə xidmətə başladı.  Ordan isə Xüsusi Təyinatlı Qüvvələrə seçildi. Qazaxda və digər ərazilərdə təlimlərdə oldu.

– Vətən müharibəsi zamanı Ümüd sizinlə əlaqə saxlayırdımı?

– Bəli. Həmişə əlaqə saxlayırdı. Sentyabrın 20-də onunla danışanda dedim ki, Ümüd, yanına gəlmək istəyirik. Dedi ki, “pandemiyaya görə görüş yoxdu. Ata gəlmə. Sentyabrın 25-dən sonra təlimimiz olmasa, 10 günlük məzuniyyət veriblər gələcəm”. Sentyabrın 27-də döyüşlər başladı. Müharibə başlayanda ilk günlər narahat oldum, Ümüddən xəbər yox idi. Sentyabrın 30-da zəng vurdu və dedi ki, “ata, narahat olma, hər şey yaxşıdır”. Onda Kəlbəcər istiqamətində olduğunu dedi. Bir dəfə oktyabrın 9-da danışdı. Dedi ki, “ata, hər şey yaxşıdır, bir az arıqlamışam. Buna görə narahat olma, hər şey var, sadəcə biz yorğun olub yemək yeyə bilmirik. Ona görə arıqlamışam”. Şəklini də çəkib göndərdi. Oktyabrın 12-də bir də danışdıq. Onda yerin demədi, ancaq dedi ki, “düzəngahdayıq”. Dedi ki, “ata, irəli gedəcəyik, səndən halallıq istəyirəm”. Onda çox pis oldum və dedim ki, bu nə sözdü danışırsan. O yerləri yaxşı tanıyırdım və dedim ki, düzəngahda ancaq özünü minalardan gözlə. Əsgər yoldaşları deyir ki, oktyabrın 11-də Ümüdgili Füzuli istiqamətinə göndəriblər.

– Şəhid xəbərini nə vaxt aldınız?

– Oktyabrın 15-də şəhid xəbəri gəldi. Çünki oktyabrın 12-də sonuncu danışığımız oldu və Ümüdlə əlaqə kəsildi. O xəbər elə bir hissdir ki, onu sözlə ifadə etmək mümkün deyil. (Ağlayır) İnsan son döyüşünə girən zaman onda elə danışıq tonu, hərəkətləri yaranır ki, adi hərəkətlər olmur. Bunu öz döyüş yoldaşlarımda da görmüşdüm. Həmin gün Ümüdlə danışanda hiss edirdim ki, nəsə olacaq, amma Allaha dua edirdim ki, salamatçılıq olsun.

– Ümüd Füzuli istiqamətində şəhid olub…

– Bəli. Seyidəhmədli doddarı deyilən yerdə Ümüd şəhid olub. Özüm də o ərazilərdə olmuşam və yaralanmışam. 1996-cı ildə altı ay həmin doddarın qarşısında xidmət etmişəm. Əsgər yoldaşları deyir ki, oktyabrın 11-də hücuma keçiblər, amma əməliyyat alınmayıb. Dodların qarşısında kameralar olduğuna görə ora girə bilməyiblər. Oktyabrın 12-də Ümüdlə komandiri ətrafı gəzib qayıdıblar. Onda Ümüd deyib ki, “gedib yol açacam”. Ümüd səhərəyaxın gedərək düşmən postunun altına qədər yol açıb və geri qayıdıb. Postun altında bayrağımızı da sancıb. Döyüş yoldaşı deyir ki,  həmin cığırla hərəkət etdik bayrağa çatandan sonra iki qrupa bölündük. Hərəmiz bir bunkerə hücuma keçdik. Hücum edib postu azad etdik və orda yerləşdik. Gündüz saat 11-dən sonra düşmən minamyotla postu atəşə tutmağa başladı. Atəş nəticəsində qrup komandiri şəhid oldu. Ümüdün və digər döyüş yoldaşlarına isə yüngül qəlpə dəyib. Şəhidlərimizi ordan çıxarandan sonra Elçin adlı əsgəri gətiriblər. Ümüdü soruşanda deyiblər o deyib siz postdan çıxın mənimlə işiniz olmasın.  Döyüş yoldaşı deyir ki, “Ümüdü gözlədim və gəlmədiyinə görə yaralı da olsam onun yanına qayıtdım. Dedim ki, Ümüd, sən burdan çıxmasan, mən də çıxmayacam. O sözümə görə Ümüdlə birlikdə postdan çıxdıq. İkimiz də yaralıydıq. Yolda mən özümdən getdim. Sonra hospitalda ayılanda dedilər ki, Ümüd də qanitirmədən şəhid olub”. Onda əlimi qaldırıb Allaha dedim ki, ilahi, bu cəsədi mən böyütmüşəm, sən vermisən, mənə cəsədi qaytar, başqa heç nə istəmirəm. (Ağlayır)

– Ümüdün ümüdsizliyini necə doldurursunuz?

– 2015-ci ildə qərara gəldik ki, Göytəpədə zal yaradacağıq və Ümüdü də məşqçi kimi yetişdirəcəyik. İndi təsəllimi zalda məşq keçdiyim uşaqlardan alıram. Yəni özünə qismət olmasa da Ümüdün adını daşıyan idman zalıyla onun adını yaşatmaq istəyirəm.

Qeyd edək ki, Ümüd Qasımzadə 2001-ci il aprelin 13-də Cəlilabad rayon Göytəpə qəsəbəsində anadan olub. O, uşaq yaşlarından idmanın ağırlıqqaldırma növü ilə məşğul olub. 2020-ci ildə Vətən müharibəsi zamanı oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Göstərdiyi xidmətlərə görə şəhid Ümüd Qasımzadə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medallarıyla təltif edilib.

Vasif Əlihüseyn

PAGE TOP