2026-cı il üçün mülki müdafiə tədbirləri planına müvafiq olaraq 28 aprel 2026-cı il tarixdə Cəlilabad rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilmişdir.
Mecra.az xəbər verir ki, məşqdə Cənub Regional Mərkəzinin aidiyyatı üzrə struktur bölmələri, rayon icra hakimiyyətinin mülki müdafiə qərargahı, müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələrinin, ictimai asayişin mühafizəsi xidmətinin, yanğın təhlükəsizliyi xidmətinin, tibb xidmətinin, rabitə və xəbərdarlıq xidmətinin, elektrik qəza xidmətinin, qaz qəza xidmətinin, su-kanal sahəsinin, heyvan sağlamlığı və baytarlıq xidmətlərinin və digər xidmətlərin şəxsi heyəti və texnikaları cəlb olunmuşdur.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılmış, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilmişdir.
Cəlb olunan şəxsi heyət qarşısında çıxış edən Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi, mayor Elmin İsmayılov məruzəsində bildirdi ki, ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir.
Məşqin keçirilməsində əsas məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir – rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasıdır. Sonda məşqin təhlili aparılaraq yaranan çatışmazlıqlar diqqətə çatdırılmış, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.


































