“Telefonuna zəng gəldi dedi ki…”-Vətən Müharibəsi Qəhrəmanının atası-FOTO+VİDEO

Adalet.az-ın əməkdaşı Cəlilabadın Göytəpə qəsəbəsində Vətən Müharibəsi Qəhrəmanı, kapitan şəhid Rəşad Abdullayevin atası Arif Abdullayevlə görüşüb. Əməkdaşımız Vasif Əlihüseyn rejissor Orxan Aslanlıyla birlikdə şəhidimiz haqqında maraqlı bir qısa film hazırlayıb. Qeyd edək ki, şəhidlərimiz haqqında bu cür çəkilişlər silsilə şəklində davam edəcək.

Şəhid atası Arif Abdullayev Rəşadın döyüş yolundan danışıb: 

“Rəşad üç bacının bir qardaşıdır. Mənim atam Məmmədağa İkinci Dünya Müharibəsi iştirakçısıdır.  Atam rəhmətə gedəndə Rəşadın 12 yaşı var idi. Rəşadın hərbçi olmasına səbəb elə atam oldu. Həmişə babasının medallarını sinəsinə vurub gəzirdi, deyirdi ki, hərbçi olacam. Ona görə də mən onun bu sənəti seçməsində etiraz etmədim. Düzdü, anası dedi ki, həkim, müəllim ol, amma razılaşmadı”.

“Onda Rəşad evə gəldi və soruşdum ki, nə vaxt qayıdacaqsan?”

“Rəşad həmişə evə gələndə qohum-əqrabaya baş çəkirdi. Dostlarını evə yığıb məclis təşkil edirdi. Ona görə də o, şəhid olandan sonra hamı ağlayır, gözləyirlər ki, indi qapı açılacaq və Rəşad gələcək. 2020-ci ilin sentyabr ayının 19-da əmisi rəhmətə getdi. Onda Rəşad evə gəldi və soruşdum ki, nə vaxt qayıdacaqsan? Dedi ki, “ata, nə vaxt zəng gəlsə, onda qayıdacam”. Elə oldu ki, sentyabrın 21-də əmisinin üç mərasimində zəng gəldi və görüşüb dedi ki, “mənimki bura qədərdi, getməliyəm”. Vətən müharibəsi zamanı isə Murovdağ əməliyyatında kəşfiyat rəisi kimi döyüşü idarə etməliydi. Amma o, döyüşlərə qatılıb və irəlidə gedib. Sentyabrın 28-də isə Murovdağda ağır yaralanıb və 17 saatdan sonra şəhid olub”.

 

 

Qeyd edək ki, şəhid kapitan Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayon Göytəpə qəsəbəsində anadan olub. Ölümündən sonra ölkə başçısı tərəfindən Rəşad “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimizin Rüqəyya və Məmmədağa adlı iki övladı yadigar qalıb.

Daha ətraflə təqdim etdiyimiz süjetdə:

PAGE TOP