İqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz. Onda demək olar ki, dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Azərbaycanda iqtisadi inkişaf özünəməxsus inkişaf metodu ilə fərqlənir.
Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. 1969-cu ilin iyul plenumunda onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olunmasıdır. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir.
1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının iqtisadi xaos və tənəzzül dövrü kimi səciyyələnir. Yeni müstəqillik qazanmış ölkə üçün müharibə gözlənilməz idi. Ölkədə gedən bu müharibə həm büdcəni zəiflədir, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Pərakəndəlik və özbaşınalıq artıq baş alıb gedirdi. Buna görə ölkədə bütün bu problemləri tənzimləyən və ölkənin hələ möhkəmlənməyən müstəqilliyini qoruyub saxlayan güclü siyasətçiyə – bir el atasına ehtiyac var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Heydər Əliyev başa düşürdü ki, bu problemlər öz həllini tapmasa Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Müstəqillik dövründən bu günə kimi, ölkədə gedən iqtisadi inkişafı bir neşçə mərhələyə ayırmaq olar. 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Bütövlükdə və sonrakı illərdə keçirilən tədbirlər nəticəsində sənayenin tənəzzül sürəti azalmış, inkişaf meyli artmış və 1996-cı ildən istehsalın həcminin aşağı düşməsinin qarşısı alınmışdır. Beləliklə, iqtisadiyyatda müsbət meyillərin daha da möhkəmlənməsi müşahidə olunmuşdur.
Ulu öndər Heydər Əliyevin siyasəti çoxcəhətli, dəyişkən və çevik olmaqla nəinki iqtisadiyyatın, həm də sosial, siyasi və mədəni həyatımızın bütün sahələrini əhatə etmiş və burada o bizim üçün çox faydalı bir irs qoyub getmişdir.
Adil Qardaşxanov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi