Xəbər verdiyimiz kimi bu gün Vətən müharibəsi şəhidi, çavuş Şəhriyar İsa oğlu Əsgərovun doğum günüdür. Şəhriyar Əsgərov 1991-ci il aprelin 17-də anadan olub. Bu gün şəhidimizi 32 yaşı tamam olur. Bu münasibətlə şəhidimizin ailəsi tərəfindən məclis təşkil edilib.
Adalet.az-ın əməkdaşı Cəlilabadın Göytəpə qəsəbəsində şəhidimizin ata evində qonaq olub və ailəsiylə Şəhriyar haqda söhbət edib.
Şəhidimizin atası İsa Əsgərov oğlu Şəhid olarkən Rusiyada xəstəxanada yatdığını bildirib:
“Şəhriyargil ailədə iki qardaş və bir bacıdırlar. Şəhriyar evin ortancıl övladıdı. Doqquz il idi ki, müddətdən artıq hərbçi kimi orduda xidmət edirdi. Vətən müharibəsi zamanı isə mən Rusiyada xəstəxanada müalicə olunurdum. Daha sonra isə əməliyyat olundum. Şəhriyarın mənə yaralı olduğunu xəbər verdilər və xəstəxanadan çıxıb evə gəldim. Amma mən gələndə gördüm ki, Şəhriyar artıq beş gündür ki, dəfn edilib”.
Şəhid atası Şəhriyar şəhid olan gecə dəhşətli yuxu gördüyünü deyib:
“Noyabrın 3-də mən xəstənada əməliyyat olundum, sən demə Şəhriyar da şəhid olub. Həmin gecə yuxuda gördüm ki, bədənim darmadağın olub, çalatım çölə tökülüb. Yuxudan oyandım və bu yuxunun mənasını Şəhriyarın şəhid olduğunu biləndə anladım”.
Şəhid atası Şəhriyarın yaralı halda düşmənə əsir düşməmək üçün özünü qumbarayla partlatdığını bildirib:
“Şəhriyar Xocavənddə döyüşdə olub. İki dəfə yaralanıb və ermənilər ona yaxınlaşaraq yaralı vəziyyətdə əsir götürmək istəyiblər. Bu zaman o düşmənin ona yaxınlaşmasını gözləyib və həmin məqamda üstündə olan qumbaranı partladım. Partlayış zamanı özüylə birlikdə 4-dən çox düşmən əsgəri də həlak olub”.
Qardaşı Emin Əsgərov 15 gün Şəhriyarın meyitinin neytral ərazidə qaldığını bildirib:
“Həmişə Şəhriyarla telefonla danışırdıq. Amma döyüşdə olduğunu demirdi. Sonuncu dəfə mənimlə telefonla danışanda dedi ki, “qardaş, yaralıyam, inşallah cənnətdə görüşərik”. Ondan sonra Şəhriyar döyüşdə şəhid oldu. Telefonla danışanda səsini yazmışam, döyüşün də səsi ora düşüb. Onun nəşini yalnız noyabrın 17-də rayona gətirdilər və 18 noyabrda dəfn etdik”.
Şəhriyarın dayısı Fəzail Adıgözəlov bacısı oğlunu 15 gün axtardıqlarını bildirib:
“O hadisədən sonra biz Şəhriyarı axtarmağa başladıq. Əsgərləri ilə söhbəti zamanı dedilər ki, “əgər Şəhriyar mühasirəyə düşübsə, özünü partladım. O, sağ düşmən əlinə keçməz. Biz onu yaxşı tanıyırıq”. Noyabrın 17-də Füzulidə xəstəxanada Şəhriyarın meyitinə baxdım. Əlinin biri sinəsinin üstündə idi, əlində əlcək də var idi. Paltarını soyunduranda şəxsi əşyalarını bizə verdilər və orda yazıdığı məktubu da aldıq”.
Şəhriyar şəhid olmamışdan öncə ailəsi üçün bu məktubu yazıb:
“Əziz atam və anam, siz bu məktubu oxuyursunuzsa artıq mən axirət dünyasındayam. Biz uşaq olarkən bizlərə İmam Hüseyndən və onun şəhadətindən danışırdınız. Elə uşaq ikən o danışdığınız şəhidlik zirvəsinin arzusunda olmuşam. Şükürlər olsun ki, Rəbbim məni də o zirvəyə çatdırdı. Bilirəm, anacan övlad itkisi sənə ağır gələcək , amma səndən xahişim odur ki, ağlayıb düşməni sevindirməyəsən. Üç rəngli bayraqda məni gətirəndə, xanım Zeynəbin müsibətini düşün ki, balasını qurban verdi və Xeymətdən (çadr) çölə çıxmadı. Sən də elə dözümlü ol! Sevin ki, şəhid anasısan. Sevin ki, övladın Ağamız Hüseynə müsafirdir. Gözəl bacım və qardaşım sizləri də çox istəyirəm, başınızı hər zaman dik tutun. Sizləri öncə Allaha daha sonra bir-birinizə əmanət edirəm. Yazmağa çox sözlər var, amma sizləri daha çox kövrəltmək istəmirəm. Haqqınızı halal edin. Hə, bir də anacan söz vermişdim sənə ki, torpaqlarımız azad olunduqdan sonra Şuşaya istirahətə göndərəcəkdim. Üzrlü say anacan, ilk dəfə sənə verdiyim sözü tuta bilmədim. Öpürəm sizləri. İsa və Xədicəni hər gün mənim əvəzimdən öpün! İnşAllah cənnətdə görüşərik. Haqqınızı halal edin! Oğlunuz Şəhriyar”…
Qeyd edək ki, şəhid Şəhriyar Əsgərov ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medallarıyla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeniylə təltif edilib. Ailəsi Şəhriyara qullu etdiyi hərbi hissə tərəfindən “Cəsur döyüşçü” və “İgidliyə görə” medalların da verdildiyini, lakin Müdafiə Nazirliyinin bunu təsdiq etmədiyini deyib. Şəhid ailəsi sonuncu iki medalın da təsdiq edilməsini istəyib. Xatırladaq ki, Göytəpə şəhərində küçələrdən biri Şəhriyar Əsgərovun adını daşıyır.
Vasif Əlihüseyn