24 aprel 2026-cı il tarixdə Cəlilabad rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin rəhbərlərinin, psixoloqların, məktəb valideyn komitəsinin sədr və üzvlərinin, sektorun əməkdaşlarının iştirakı ilə “Tədrisin təşkili”, “Müəllim-şagird münasibətləri”, “Valideyn-məktəb əməkdaşlığı və ünsiyyətin düzgün təşkili” mövzusunda Valideyn Konfransı keçirilib.
Mecra.az xəbər verir ki, konfrans, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək, açıq elan edilib. Konfransda Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Ramil Əmənov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri Dürdanə Əliyeva iştirak edib.
Konfransın əsas məqsədi tədrisin keyfiyyətinin artırılmasında valideynlərin rolunu dəyərləndirmək, təhsil müəssisələri ilə ailə arasında əməkdaşlığı gücləndirilməklə şagirdlərin hərtərəfli inkişafını təmin etmək, həmçinin təhsildə valideyn iştirakını sistemli şəkildə təşviq etməkdən ibarət olub.
Görüş zamanı şagirdlərdə məsuliyyət, hesabatlılıq və özünənəzarət kimi bacarıqların formalaşmasında məktəblə bərabər ailənin də vəzifələri qeyd edilib.
Tədbirin sonunda valideynlər arasında sorğu keçirilib, valideynləri maraqlandıran suallar cavablandırılaraq, gələcəkdə bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Valideynlər bu kimi tədbirlərin keçirilməsinin övladlarının tərbiyəsində və mənəvi inkişafında onlara göstərilən ən böyük dəstək olduğunu bildiriblər.
Bütün valideynlərə təşəkkür
edirik!































