Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında formalaşan siyasi və iqtisadi münasibətlər qarşılıqlı maraqlara əsaslanmaqla davamlı inkişaf xətti üzrə irəliləyir. Hər iki ölkə fərqli coğrafi regionlarda yerləşməsinə baxmayaraq, strateji baxımdan bir-birini tamamlayan tərəfdaşlar kimi çıxış edir. Siyasi münasibətlər müstəvisində Azərbaycan və Latviya arasında əlaqələr dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Avropa və regional təhlükəsizlik məsələlərində əməkdaşlıq edir. Latviya Avropa İttifaqının üzvü kimi Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Eyni zamanda, parlamentlərarası əlaqələr və yüksək səviyyəli rəsmi səfərlər siyasi dialoqun intensivliyini artırır.
Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin tarixinə növbəti əhəmiyyətli səhifə kimi yazıldı. Bu səfər sadəcə iki dövlət başçısının yüksək səviyyəli görüşü deyil, həm də Cənubi Qafqaz və Baltikyanı regionlar arasında qurulan möhkəm körpünün daha da güclənməsinin rəmzidir. Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sazişlər Azərbaycan-Latviya əməkdaşlığının gələcək onilliklərini müəyyən edən yeni perspektivlər vəd edir.Azərbaycan və Latviya arasında diplomatik əlaqələr hər zaman qarşılıqlı hörmət, suverenlik və beynəlxalq hüququn prinsipləri üzərində qurulub. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas və etibarlı təminatçılarından birinə çevrilmişdir. Latviya isə Avropa İttifaqının fəal üzvü kimi Azərbaycanın Avropa məkanında ən yaxın müttəfiqlərindən biridir. İki ölkəni yaxınlaşdıran ən mühüm amillərdən biri hər iki xalqın öz müstəqilliyini hər şeydən əziz tutmasıdır. İstisnasız olaraq milli maraqlardan çıxış edən Bakı və Riqa, eyni zamanda Avrasiya məkanında sülhü, təhlükəsizliyi və iqtisadi fəallığı təşviq edən ortaq platformalarda çıxış edirlər. Ümumilikdə, Edqars Rinkeviçsin ölkəmizə səfəri Azərbaycan-Latviya münasibətlərində yeni, daha dinamik bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Siyasi dialoq ən yüksək zirvədədir, indi qarşıda duran əsas vəzifə bu siyasi iradəni konkret iqtisadi layihələr, qarşılıqlı investisiyalar və texnoloji mübadilə ilə daha da dərinləşdirməkdir. Bu strateji xətt hər iki ölkə üçün həm regional, həm də beynəlxalq səviyyədə yeni güc mərkəzləri və əlavə imkanlar yaradacaqdır. Bundan sonra hər iki ölkə arasında münasibətlər çoxşaxəli inkişaf edərək həm regionun, həm də dünyanın iqtisadiyyatına böyük töhfələr bəxş edəcəkdir. Baltik sahili Avropa dövləti olan Latviya ilə Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan arasında hərtərəfli əlaqələrin müsbət dinamikası çox faydalı olacaqdır.
Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı






























