Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar olaraq respublikanın bütün bölgələrində olduğu kimi, Cəlilabad rayonunda da genişmiqyaslı və məqsədyönlü tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Mecra.az xəbər verir ki, sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 aprel 2026-cı il tarixdə Cəlilabad şəhəri Qurtuluş küçəsində ağacəkmə, əkilmiş ağaclara aqrotexniki qulluq, abadlıq, təmizlik işlərinin gücləndirilməsi və ictimaiyyətin ekoloji mədəniyyətinin artırılması ilə bağlı aksiyası təşkil olunub. Aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları iştirak ediblər.
Keçirilən aksiya çərçivəsində iqlim şəraitinə uyğun müxtəlif növ ağac tingləri əkilmiş, yol kənarında olan alaq otları təmizlənmiş, məişət tullantıları toplanaraq kommunal xidmətlər tərəfindən daşınmış, əkilmiş ağacların kök boğazı ətrafı torpaqla doldurulmuş, ağaclar budanmış və suvarılmışdır.
Qeyd edək ki, yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən bu kimi tədbirlər “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ardıcıl və davamlı şəkildə davam etdiriləcək, rayonun ekoloji mühitinin daha da sağlamlaşdırılmasına töhfə verəcəkdir.







































