Qısa arayış…
2021-ci il avqustun 22-də Lökbatan-Qızıldaş avtomobil yolunun kənarında yerləşən yarım tikilinin həyətində çürüməyə məruz qalmış naməlum meyit aşkar edilib.
Hadisə ilə bağlı yayılan ilkin məlumatda qətlə yetirilən şəxsin qadın olduğu bildirilsə də, araşdırma zamanı məlum olur ki o, 1994-cü il təvəllüdlü Əhəd Nuriyevdir.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.
Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də şübhəli şəxs qismində Ağcabədi rayon sakini, 1985-ci il təvəllüdlü Mirşahid Mehdiyev tutulub.
Araşdırmalar zamanı məlum olur ki, Mirşahid Mehdiyev ailə üzvləri ilə birlikdə uzun müddət Rusiya Federasiyasının Sverdlovsk vilayətində yaşayıb. Bir müddət əvvəl Azərbaycana qayıdıb. Mirşahid Mehdiyev kriminala meyilli şəxs olub. Onun Rusiyada cinayətkar aləmlə əlaqələri də olub. 2019-cu il iyulun 23-də Sverdlovsk vilayəti üzrə polis şöbəsi tərəfindən quldurluq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində dövlətlərarası axtarış elan olunub.
Araşdırmalar zamanı qətlə yetirilən Əhəd Nuriyevin cinsi azlıqların nümayəndəsi olduğu məlum olub. Əhəd Nuriyev Bakı şəhərində fəaliyyət göstərən “HUQQA” restoranında özünə gəlinlik geyimində ad günü keçiribmiş. Həmin toydan sonra “Youtube” sosial şəbəkəsində “Bakıda cinsi azlıq nümayəndələri toy etdi” başlıqlı videogörüntü də yayılıb.
Ad günü keçirilən restoran
Lent.az həmin qətl işinin istintaq materiallarını əldə edib:
İstintaqla müəyyən edilib ki, 2021-ci ilin iyul ayında, gecə saat 2 radələrində Mirşahid Mehdiyev idarə etdiyi “Lexus İS 300” markalı (99-VS-252) avtomobillə Yasamal rayonunda, Moskva prospekti ilə “20 yanvar” metrostansiyası istiqamətində hərəkətdə olarkən, yolun sağında dayanmış “Kia Rio” markalı (10-VY-402) maşına yaxınlaşıb. Avtomobilin sükanı arxasında əyləşmiş, qadın libasında olan “Nunu” ləqəbi cinsi azlıq nümayəndəsi Əhəd Nuriyevlə 100 manat müqabilində cinsi əlaqədə olmağa razılaşıb. Onu özünün idarə etdiyi nəqliyyat vasitəsinə dəvət edib. Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən “McDonald’s” restoranı istiqamətində gedərkən, həmin şəxs ikisinin birlikdə olan videogörüntüsünü öz mobil telefonu ilə qeydə alıb. Şəhərdə vaxtlarını keçirdikdən sonra o, Əhəd Nuriyevə 100 manat ödəyib və cinsi azlıq nümayəndəsini tanış olduqları ərazidə düşürüb. Bundan sonra Əhəd Nuriyevdə özünün videogörüntüsünün olmasından narahat olub və onu sildirmək məqsədi ilə avqustun 13-də həmin şəxslə yenə “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşüb. Sonrakı günlərdə Əhəd Nuriyevi özünə inandırmaq, aralarında etibarlı münasibət qurmaq məqsədilə onun kart hesabına müxtəlif məbləğlərdə pul köçürüb. Onun cinsi azlıq nümayəndəsi kimi planlaşdırdığı sinə böyütmə əməliyyatının xərclərini öz üzərinə götürüb. Ayın 16-da yenidən videogörüntünü silib-silməməsini soruşanda, həmin şəxs onu silmədiyini və paylaşdığını bildirib. Mirşahid hər an həmin videogörüntünün ortaya çıxa biləcəyindən, dost- tanışları arasında və kriminal aləmdə nüfuzdan düşəcəyindən ehtiyatlanıb. Əhəd Nuriyevin mobil telefonunu ələ keçirib, içərisində olan videogörüntünü silmək və müqavimət göstərəcəyi halda onu öldürmək qərarına gəlib. Hazırladığı plana uyğun olaraq avqustun 17-də avtomobilinə bıçaq qoyub. Saat 22 radələrində idarə etdiyi avtomobillə Xırdalan şəhəri H.Əliyev prospektinə gələrək, Əhəd Nuriyevi kirayədə yaşadığı evin qarşısından götürüb və istirahət gəzintisi adı ilə Xaçmaz rayonu istiqamətində hərəkət edib. Ayın 18-i səhər saat 6 radələrində Qaradağ rayonunun, Puta qəsəbəsində, ətrafda heç kimin olmadığı ərazidə, nəqliyyat vasitəsini saxlayıb və bıçağı götürərək, Əhəd Nuriyevlə birlikdə avtomobildən düşüb. Yenidən, videogörüntünü silib-silməməsi ilə bağlı mübahisə edərək, çantasından mobil telefonunu götürməyə çalışıb. Aktiv müqavimət göstərən Əhəd Nuriyevin üzünə şillə, belinə isə təpiklə zərbə vurub. Sonra da bıçaqla ümumilikdə 9 dəfə zərbə vuraraq Ə. Nuriyevi öldürüb.
Mirşahid Mehdiyev
İş üzrə dindirilmiş Mirşahid Mehdiyev bildirib ki, 2021-ci ilin iyul ayında, gecə saat 2 radələrində “20 yanvar” dairəsinin ətrafında “Kia Rio” markalı avtomobildə iki nəfər qızın oturduğunu görüb və onları xanım zənn etdiyi üçün yaxınlaşıb tanış olmaq istədiyini bildirib. İdarə etdiyi “Lexus” markalı avtomobili həmin nəqliyyat vasitəsinin yanında saxlayıb:
“Mənimlə söhbət edən sarı saçlı qız 100 manat pul müqabilində görüşdüklərini dedi. Avtomobilimi bir az irəli verib, saxladım və düşərək, maşınlarına yaxınlaşdım. Sükan arxasında olan qara saçlı qıza görüşmək istədiyimi dedim. Özünü “Nunu” adı ilə təqdim edən qız avtomobilini rahat bir yerdə saxladı, sarı saçlı rəfiqəsi isə başqa avtomobilə tərəf getdi. Qara saçlı qız gəlib avtomobilimə əyləşəndən sonra, “Gənclik” metrosunun yanında yerləşən “McDonald’s” restoranı istiqamətində sürdüm. Yolda özümü Mirşahid kimi təqdim etdikdə, “Nunu” adımın uzun olduğunu və telefonuna adımı “Miron” kimi qeyd edəcəyini bildirdi. “Nunu” musiqinin səsini artıraraq, əli ilə mahnıya uyğun hərəkətlər etdi, mobil telefonu ilə foto və video çəkməyə başladı. Videonu çəkərkən məni də görüntülərə daxil etdi.
Qadına video çəkməməsini və evli olduğumu dedim. “McDonalds”a çatanda, maşından düşdüm, ondan nə yemək istədiyini soruşdum. Qız kişi səsi ilə cavab verəndə, həmin şəxsin cinsi azlıq nümayəndəsi olduğunu anladım və ondan maşından çıxmasını tələb etdim. O, isə etiraz edərək, polisə şikayət edəcəyini, videogörüntünü yayacağını, ona 100 manat verməli və götürdüyü yerdə düşürməli olduğumu bildirdi. Problem yaranmaması üçün, geri qayıdaraq, qadın zənn etdiyim şəxsi “20 yanvar” dairəsi yaxınlığında düşürdüm və ona 100 manat pul verdim. Amma ondan mobil telefon nömrəsini götürmədim. Bundan sonra Nərimanov rayonu, Kral Hüseyn küçəsi 52 ünvanında yerləşən otelə qayıtdım. Rusiyada kriminal aləmdə hörmətimin olmasından və bir cinsi azlıq nümayəndəsi ilə videogörüntümün yayılmasından narahat oldum. İnternetdə, təzəlikcə “Nunu” ləqəbli şəxsin gəlinlik paltarında videogörüntüsünün yayıldığını gördüm. Şərhlərə baxdıqda onun Ağdam rayonu sakini Əhəd Nuriyev olduğunu öyrəndim. Bundan sonra dost-tanışıma “Nunu” adlı cinsi azlıq nümayəndəsini axtardığımı dedim. Avqustun 12-də arvadımla övladımı Türkiyəyə yola salaraq Bakıda tək qaldım. Ayın 13-ü gecə saat 2 radələrində “20 yanvar” dairəsinə Əhəd Nuriyevi tapmaq üçün yollandım. Avtomobilində oturduğunu görüb, yaxınlaşdım və ondan mobil nömrəsini istədım. Əhəd mənə “Whatsapp” proqramı istifadə etdiyi nömrəsini verdi. Ayın 13-dən 18-nə kimi olan müddət ərzində “WhatsApp” vasitəsi ilə onunla mütəmadi əlaqə saxladım. Həmin vaxt onu öldürmək niyyətim yox idi. Videogörüntünü silməsini xahiş edəndə, Əhəd onu silməyəcəyini söylədi. Pul istəyən şəxsin bank hesabına 300 manat köçürdüm. Buna baxmayaraq o, videonu silmədi və yenə məni şantaj etməkdə davam etdi. Sonrakı günlərdə, hesabına hissə-hissə daha 300 manat köçürdüm. Əhəd mənə plastik sinəböyütmə əməliyyatı etdirmək istədiyini bildirdi və pulları bu məqsədlə məndən aldığını dedi”.
Avqustun 16-da Əhədlə görüşüb. Gəncə şəhərinə, sonra isə Göygöl rayonuna gediblər. Qayıdanda yorğun olduğundan, avtomobilini Nuriyev idarə edib. Özü arxa oturacaqlarda uzanıb yatıb. Bakıya çatanda ona əlbəəl 400 manat verib:
“Avqustun 17-i saat 22 radələrində danışanda Əhəd, yanımda videogörüntünü siləcəyinə söz verdi. Bu səbəbdən onu Xırdalan şəhərindən götürüb, Xaçmaz rayonuna yollandıq. Bakıya qayıdanda, yolda videonu silməsini bildirəndə, “Nunu” yenə məndən pul istədi. Mənə həkimlə danışdığını və 1-2 günə əməliyyata gedəcəyini dedi. Həmin vaxt cibimdə olan 2.000 manat pulu ona vermək fikrim vardı, lakin Əhəd artıq mənə cinsiyyət orqanını da dəyişmək istədiyini və bu səbəbdən əlavə 10.000 manat lazım olduğunu bildirdi. Artıq bundan əsəbiləşərək, videogörüntünü sildirə bilməyəcəyimi başa düşdüm. Qobu qəsəbəsi istiqamətində hərəkətdə olarkən, yol kənarında yarımtikili gördüm və avtomobilimi saxladım. Maşından çıxıb, fikirləşməyə başladım. Əhəd də ardımca avtomobildən düşüb yanıma gəldi. Avqustun 18-i səhər saat 6 radələrində aramızda başlayan mübahisə zamanı, Nuriyevi öldürmək qərarına gəldim. Əhəd üzərimə gəlib üzümə şillə vuranda, cavab olaraq, xaya nahiyəsindən təpiklə zərbə vurdum. Boyca məndən hündür olan Nuriyev əyildi. Çökmüş vəziyyətdə olan Əhəd çantasından bıçaq çıxarıb üstümə gələndə, əlini burub, kəsici aləti əlindən aldım. Bel və kürək nahiyələrinə dayanmadan çoxsaylı zərbələr vurdum. Əhəd aldığı zərbələrdən sonra yerə yıxıldı. Hadisə yerini tərk edərkən, onun əl çantasını yandırdım. Telefon şifrəli olduğuna görə, açıb videogörüntünü silə bilmədim və telefonla bıçağı tapılmaması üçün, dənizə atdım”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Ağgül Nuriyeva ifadəsində göstərib ki, mərhum Əhəd Nuriyev onun kiçik oğlu olub:
“1994-cü ildən 2007-ci ilədək Ağcabədi rayonunda yaşamışam. 2007-ci ildə dövlət tərəfindən mənə verilən Ağdam rayonu, Qasımbəyli qəsəbəsi, ev 41-də yaşamağa başladım. 2014- cü ildə oğlum bir neçə gün evə gəlmədiyi üçün nigaran qaldım və itkin düşməsi barədə 102 xidmətinə məlumat verdim. 2 saatdan sonra məlum oldu ki, Əhəd soyğunçuluq əməlinə görə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. 6 aydan sonra Nəsimi rayon Məhkəməsinin hökmü ilə oğlum bəraət alaraq, azadlığa buraxılıb. Əhəd 2015-ci ildən etibarən təxminən 3-4 il Ağdam-Bakı marşrutunda avtobus sürücüsü kimi çalışıb. 2017-ci ildə Günel Nuriyeva ailə qurub, nikahdan bir övladları dünyaya gəlib. 9 aydan sonra onlar boşanıblar. Bundan sonra oğlum müxtəlif ünvanlarda kirayədə qalıb, bizə taksi sürücüsü işlədiyini söyləyib. 2021-ci ildə atası öz adına “Kia” markalı avtomobil alaraq, etibarnamə ilə Əhədə verdi. Həmin ilin iyul ayında oğlumun keçmiş arvadı ərimə Əhədin “youtube” kanalında, gəlin paltarında videogörüntüsünün yayılması haqda ismarıc yazdı. Həmin videoya baxsam da, oğlumla münasibətim normal qaldı. Dəfələrlə Əhədə evimizə gəlməsini bildirsəm də, o, səhv etdiyini və özünü bağışlaya bilmədiyini dedi. Ərim İsmayıl Nuriyev oğlumla əlaqəni kəsib. Axırıncı dəfə onunla avqustun 16-da mobil telefonla danışıb. Ayın 23-də ərim İsmayıl Nuriyevi Qaradağ RPİ 10-cu PB-nə çağırıblar və oğlumun öldürülməsi barədə məlumat veriblər”.
“Nunu” – Əhəd Nuriyev
Şahid Dilqəm Camalzadə ifadəsində göstərib ki, ”Nunu” ləqəbli Əhəd Nuriyevi iyulun 14-dən tanıyıb:
“Ayın 18-də Əhəd özünə ad günü edəcəyini söyləyərək, məni restorana dəvət edib. “Nunu” Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 16 saylı binanın 13-cü mərtəbəsində yerləşən mənzili kirayə götürdükdən sonra, onunla birlikdə yaşadıq. Avqustun 17-də Əhəd Mirşahid adlı şəxslə rayona getdiyini dedi. Ayın 18-i səhər saat 4:17-də telefonuna zəng etdikdə, yolda olduğunu söylədi. Saat 11 radələrində növbəti dəfə əlaqə saxlamaq istəyəndə, telefonu artıq sönülü olub. Avqustun 23-də Əhəd Nuriyevin öldürüldüyünü eşitdim”.
Əhəd Nuriyev
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayəti olmadığını bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirşahid Mehdiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.
Əhəd Nuriyevin çürümüş meyiti