Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən müharibəsi şəhidi Heydərov Qadir Ədalət oğlunun Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki məzarını ziyarət edib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dua oxunub.
RİH başçısı şəhidin məzarı önünə tər güllər düzüb. Qadir Ədalət oğlu Heydərov 11 may 1998-ci ildə Cəlilabad rayonunun Əsədli kəndində anadan olmuşdur. O, 2016-cı ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq evə qayıdıb.
Qadir Heydərov İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib. Heydərov Qadir Ədalət oğlu 29 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı şəhid olub. 22 yaşlı şəhidimiz Qadir Heydərov Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Qadir Heydərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!