Nəsimi rayonu ərazisində baş vermiş qətl hadisəsi ilə bağlı Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
***
Martın 16-sı saat 03 radələrində 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nəsimi rayon prokurorluğundan Adalet.az-a bildirilib ki, ilkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə “20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xüliqanlıq) maddələri cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.