Milyonları havaya sovuran ƏFSANƏ haqqında bilmədikləriniz – Onu zəiflədən nə idi?

Lent.az “Bir ulduz axdı” layihəsində boksun əfsanəsini – Məhəmməd Əlini xatırlayır.

Əsl adı Cassius Marcellus Clay idi. Ona məxsus “Kəpənək kimi uçmaq – arı kimi sancmaq” ifadəsi şüarı bütün boksçuların devizinə çevrilmişdi. Dünya boks tarixini yeni istiqamətə çevirən bu idmançı keçirdiyi döyüşlərin demək olar ki, böyük əksəriyyətini udub.

Kassius Kley 1942-ci il yanvarın 17-də Kentukki ştatında yerləşən kiçik Luisvil şəhərində anadan olub. Atası reklam rəssamı, içki aludəçisi və varlı qadınların ovçusu idi. Əfsanə müsahibələrində ondan nadir hallarda bəhs edirdi, atasını heç sevməzdi.

Anası Odessa Grady Clay varlı Luiziana sakinlərinin evlərində işləyən xadimə idi. O, yemək bişirir, təmizləyir və hər fürsətdə atasının irland olduğunu lovğalanaraq xatırlayırdı. Maraqlıdır ki, Məhəmməd Əlinin özü dəfələrlə “ağ irqdən olan qan”ın onu zəiflətdiyini demişdi.

“Ağların” “qaralar” üzərində təzyiqi Cassiusda nifrət oyatmışdı, buna görə o 22 yaşı olanda irqi ayrı-seçkiliyi qəbul etməyən, ədalət  carçısı olan bir dini, İslamı qəbul etdi. Adını dəyişərək Məhəmməd Əli qoydu və tarixdə də bu adla qaldı. O bütün ömrü boyu qaradərililərin əzilməsinə qarşı aktiv mübarizə apardı.

Məhəmməd Əlinin boks karyerası maraqlı bir hadisəylə başladı. 12 yaşı olanda velosipedinin oğurlanması ona çox ağır təsir etdi, intiqam almaq eşqinə düşən uşaq idman zallarında məşqə başladı. Hərçənd ilk məşqçiləri onda idmançı potensialının olmadığını demişdilər.

İlk dəfə, 14 yaşında, yəni 1956-cı ildə böyük boks yarışı olan “Qızıl Əlcəklər”də tamaşaçıların qarşısına çıxdı və turnirin qalibi oldu. Beləcə qələbələr ard-arda düzüldü. 14 yaşında o hətta ABŞ çempionu Villi Pastranonu da məğlub eləmişdi.

60-70-ci illər onun şöhrətin zirvəsinə qaldırdı.

Məhəmməd Əlinin orduya getmək istəməməsi böyük qalmaqallar və məhkəmə davası ilə yadda qalıb. 1967-ci ilin iyun ayında o dövlət və onun qanunları ilə əməlli-başlı mübarizə aparırdı. Orduya getməmək üçün 10 000 dollar cərimə ödəmiş, Çempion titulu əlindən alınmış, hətta həbs olunmaqla təhdid edilmişdi. O isə “400 ildir həbsdəyəm (qaradərililərə edilən zülmü nəzərdə tuturdu), buna da dözərəm. İldə 6 milyon dollar vergi ödəyirəm. Bu lənətə gəlmiş bombaların istehsalına yetər. Gərək gedib əlimlə məsum vyetnamlıları da öldürüm? Mənim düşmənim onlar yox, qaralara zülm edən ağlardır?” demişdi. Həmin ərəfədə Vyetnam müharibəsini təbliğ edən ABŞ hətta Elvis Preslini də döyüş bölgəsinə göndərmişdi. Məhəmməd Əlinin vəkilləri onu həbs olunmaqdan xilas etdilər, o cəmi 10 gün “yataraq” azadlığa çıxdı. Amma orduya getməyə məcbur oldu.


Hərbi xidmətdə olarkən yoldaşlarından xahiş edirdi ki, üstünə daş yağdırsınlar. İdmançı bu daşlardan yayına-yayına çevikləşirdi.

Məhəmməd Əli rəqibləri ilə döyüşlərdə tez-tez rinqdə əllərini aşağı salıb rəqibinin qarşısında dayanaraq “rəqs edirdi”. Bu lovğa üslub peşəkar boksçuları qəzəbləndirir, hücuma vadar edirdi, Məhəmməd Əli qəzəblənib kontrolu itirən rəqibini asanlıqla məğlub edirdi.

1964-cü ildə Məhəmməd Əli ağır çəkidə dünya çempionu oldu və iki il ardıcıl bu titulu qorudu. 1963, 1972, 1974, 1975, 1978-ci illərdə “İlin boksçusu” “Onilliyin boksçusu”, 1974-cü ildə “Əsrin idmançısı” fəxri adlarını aldı.

Məhəmməd Əli karyerası ərzində təxminən 50 milyon dollar qazanmışdı. Bu o dövr üçün çox böyük məbləğ idi. Lakin o pulların qədrini bilmir, havaya sovururdu. 1980-ci ildə  artıq pulsuz qalmış boksçu rinqə çıxdı. Formada görünmürdü, çempion  Larri Holmsa uduzsa da 8 milyon dollar qazandı. Qazandığı pulları biznesə sərmayə elədi. 1 il sonra o yenidən rinqə çıxdı. Bu dəfə Trever Berbikə uduzan əfsanəni insanlar çox qınadılar. O pul naminə qazandığı şöhrətə kölgə saldığını görüb bir yolluq boksa vida etdi.

Şəxsi həyatı

Hər nə qədər mənəvi dəyərlərlə yaşadığını desə də, Məhəmməd Əlinin çoxlu sevgi romanları, nikahdankənar uşaqları olub. Elə onu demək yetər ki, çempion 4 dəfə evlənib.

Birinci arvadı Soci Roy ofisiant idi, gənclik illərində tanış olub evlənmiş, bir ay sonra  xanımı İslamı qəbul etmək istəmədiyinə görə, ondan ayrılmışdı.

İkinci arvadı Belinda Boyd müsəlman olub adını Xəlilə Əli olaraq dəyişdi. Bu nikahdan dörd uşaq dünyaya gəldi, üç qız və kiçik Məhəmməd Əli adlı oğlu. Dördüncü övladının doğulmasından az sonra cütlüyün münasibətləri pozuldu və Məhəmməd Əli arvadını ataraq məşuqəsi model Veronika Porşe ilə evləndi.


Tezliklə onların iki övladı dünyaya gəldi. Bu ailənin ömrü 9 il sürdü. Modeldən ayrıldıqdan sonra boksçu köhnə dostu İolanta Vilyamsla evlənib, 5 yaşlı bir uşağı övladlığa götürdü. Məhəmməd Əlinin nikahdan kənar daha 2 övladının olduğu bildirilir.

Başa alınan zərbələr və Parkinson

İllərlə aldığı zərbələr təsirsiz ötüşmədi. 1984-cü ildə Məhəmməd Əlidə Parkinson xəstəliyi aşkarlandı.

Ulduz  asta-asta söndü, özü-özünün kölgəsinə çevrildi. Ömrünün 32 ilini xəstəliyi ilə mübarizəyə həsr etdi. Ağrıları olmayanda xeyriyyə işləri ilə məşğul olurdu. O varlı amerikalılardan topladığı ianələrlə ehtiyac sahibi olan müsəlmanlara kömək edir, Livan və İraqda fəaliyyət  göstərən radikal islamçılarla danışıqlar aparıb dövlətə vasitəçilik edirdi.

2016-cı il iyunun 3-də Məhəmməd Əli Parkinson xəstəliyinin ağırlaşması nəticəsində həyatını itirdi.
Məhəmməd Əlinin sağlığında işlətdiyi “Mən ən böyüyəm, amma ən ağıllı deyiləm” cümləsi bu gün də aforizm kimi dildən-dilə dolaşır.