“Milyonluq ana”nın ölümünə tələsən qızı – SİRR necə açıldı? – Cinayət DOSYESİ

“Milyonluq ana” – onu ələ verən bu ifadə oldu. Pul hərisliyi qadını necə yoldan çıxarırsa, 77 yaşlı ananı vəhşicəsinə öldürür. Bu formada ölümü insan heç düşməninə də arzulamaz. Bir qızın anasına bunu etməsini təsəvvür etmək belə çətindir. Bir az gözləsəydi… Ağır xəstə olan ana onsuz da uzun yaşamayacaqdı. Bəs onu tələsdirən nə idi?

Əlinizdə təcili işiniz yoxsa, gözünüzü bizdən çəkməyin, bu hadisə ilə bağlı hazırladığımız  yazı bitdikdən sonra belə sizi düşündürəcək.

Cinayət DOSYESİ – № 015

Əvvəlki yazı

Lent.az-ın “Cinayət Dosyesi” layihəsinin 15-ci bölümündə sizə əslində başqa bir cinayətdən söz açmaq istəyirdim. Hesab edirdim ki, hiyləgər qadın fırıldaqçı Pem Happın cinayətlərinə bir neçə bölüm sonra təkrar qayıdarıq. Lakin sizlərin (oxucuların da oxuya bilərsiniz) sosial şəbəkələrdə yazı ilə bağlı şərhləri sözün yaxşı mənasında məni yoldan çıxartdı. Əvvəlcə onu deyim ki, layihəmizdə gedən silsilə cinayət işlərinə verdiyiniz reaksiyalar müəllifi xeyli təsirləndirdi. Nə yalan deyim rəylərinizi oxuduqdan sonra işə daha həvəslə girişdim. Eyni zamanda bunun ayrıca bir məsuliyyət yaratdığının da fərqindəyik.

Siz yazının ardını istədiniz, biz də bu mövzunu davam etdirdik. Onu da qeyd edim ki, “Cinayət Dosyesi” layihəsində bütün yazılarımız zəncirvari formada bir-birinə bağlıdır. Yəni, siz indi 15-ci bölümü oxuyursunuzsa bu yazıdan əvvəlkinə girişdə qeyd etdiyimiz “Əvvəlki yazı” yerinə klik edib (toxunub) keçid edə bilərsiniz. Sizin üçün maraqlıdırsa, bu formada layihənin ilk bölümünə kimi gedib çıxa bilərsiniz.

Beləliklə, bu yazının sifarişçisi sizlərsiniz əziz oxucu. Təki siz istəyin, bizlər sizin qarşınıza daha-daha maraqlı hadisələr, yazılarla çıxmağa çalışarıq.

İndi isə, gəlin, dünyanı bütün diqqətini öz üzərinə çəkən “qəhrəmanımızı” bir az da yaxından tanıyaq. O qadının ki, onun əmmələrini eşidəndən sonra ən bahalı kino ulduzları belə bu obrazı oynamaq istədi. Və onu Bridget Jones’s Diary filminin ulduzu, ikiqat “Oskar” qalibi 52 yaşlı Renee Zellweger canlandırıb.

Pem Happ kimdir?

Pem Happ

Pem Neyman Happ 10 oktyabr 1958-ci ildə Viktor və Şirli Neymanın üçüncü övladı olaraq dünyaya gəlib. Ondan sonra hələ bir övlad da olacaqdı. Pem Missuri ştatının Dellvud şəhərində bir katolik ailədə böyüyüb. Bu cür ailələrin xüsusi, mühafizəkar əxlaq qaydaları var idi. Dostlarının əyləndiyi, gəzib-dolaşdığı bir vaxtda o, ərə gedir. Çünki ailəsi ondan məhz bunu gözləyirdi. Orta məktəbdə sevdiyi oğlanla evlənir. Çox keçmədi ki, Pem Happ artıq bir qız anası idi. Ancaq bu evlilik cəmi altı il davam etdi. Çox keçmir ki, o yollarını Mark Happla davam etdirir. 2001-ci ildə isə onların artıq bir oğlu var idi.

Pemin içindəki şeytan o, yeni işə düzəldikdən sonra ortaya çıxır. Qadın Farm Dövlət Sığorta şirkətində inzibatçı kimi fəaliyyətə başlayır. Elə qurbanı Betsi ilə də bu yolla tanış olur. Betsinin başına hansı faciələrin gəldiyini isə bundan əvvəlki bölümdə sizə danışmışdıq.

Betsi və əri Rassel

Ötən yazımızda bildirdiyimiz ki, Pemin qorxunc əməlləri yalnız rəfiqəsi Betsinin ölümü ilə yekunlaşmır. Sadəcə bu hadisənin illər sonra yenidən araşdırılması onun başqa əməllərinin də üstünü açır. Bu amansız qadın sən demə zehni və fiziki qüsurları olan Luis Qumpenberger adlı gənc bir kişinin də qatiliymiş. Ötən dəfə Betsiyə 50 bıçaq vuran qansız varlıq, bu dəfə qurbanına 5 dəfə atəş açır. Hamıya da sübut etməyə çalışırdı ki, bunu özünü müdafiə üçün edib. Guya qurban onu izləyirmiş və bıçağı boğazına dirəyibmiş. Bütün bunlar isə əslində Pemə başqa məsələyə görə lazım idi. Betsinin ölümü ilə başlayan ikinci araşdırmada bütün şübhələri üstündən atmaq üçün qadın amansız formada ikinci qətlini törədir. Bu barədə bir qədər sonra… İndi isə onun ikinci qurbanından söz açaq.

İkinci qurban kimdir?

Luis Royse Qumpenberger Missuri ştatının Sent Çarlz şəhərində anadan olub. O, gənc yaşında sərxoş vəziyyətdə avtomobili idarə edərkən qəza törədir və ağır xəsarətlər alır. Luisin beyin zədəsini bərpa etmək mümkün deyildi. Buna görə də o, ömrünün qalan hissəsini fiziki və psixoloji cəhətdən qüsurlu kimi yaşamalıydı. Ta ki, polisə o zəng gələnə kimi…

Luis Royse Qumpenberger

Betsinin əri Rasselin işinə qızlarının müraciətinə əsasən yenidən baxılırdı. Pem hesab edirdi ki, onu həbsdə saxlamaq lazımdır. Və bu zaman bu qorxunc qadının ağlına belə bir dəhşətli fikir gəlir ki, Luisi öldürüb atsın Rasselin üstünə. Beləliklə, o vəhşi hadisə 16 avqust 2016-cı ildə günorta saatlarında baş verir. Bu ərəfədə isə Rasselin cinayət işi yenidən yoxlanılır, müstəntiqlər hələ də bir nəticə əldə edə bilmirdilər. Polis evə gələndə Luis artıq ölmüşdü. Ən maraqlısı da bu idi, mərhumun əlində pul qalmışdı… Bu pul gələcəkdə onu qatilini tapmağa açar olacaq. Necə? Hələ tələsməyək, bu barədə bir qədər sonra. İndi isə gələk Pemin uydurduğu əfsanəyə.

Vicdanını pul qazanmaq hərisliyi kor edən bu qadın polisə deyir ki, Betsi ölümündən sonra sığortadan alacağı vəsaiti yalnız ona əmanət edib və hər şey də bunun üstündədir. Hansı ki, əvvəlki müqaviləyə əsasən Rassel, yəni qadının əri bu pulu almalıydı. Guya Rassel Luisə həbsxanadan sifariş verib ki, Pemi banka zorla aparıb sığortadan qalan pulları ondan çıxarsın və sonra da öldürsün. Zehni qüsuru olan bir adam bunu necə edəcəkdir ki? Bunu biz, demək olar ki, çoxluq düşünə bilir. Lakin ABŞ polisini elə Luisin xəstə olması çaşdırır. Onlar hesab edirlər ki, xəstə bir adamı aldadıb yoldan çıxarmaq daha asan olardı. Və beləliklə, Pem qəddarlıqla 33 yaşlı xəstə Luisi öldürüb pullarını götürür. Polisə də deyir ki, guya Luis onu bıçaqla təqib edirmiş, az qala öldürəcəkmiş və s. Guya bunlardan sonra o, özünümüdafiə məqsədilə Luisi çoxdandır özü ilə gəzdirdiyi qanuni silahı ilə vurur. Və ən əsası budur ki, bir müddət uydurduğu bu əfsanəyə əsasən azadlıqda qalır.

Luis Royse Qumpenberger

Yalanlar necə ortaya çıxır?

Onu ələ verən elə çox sevdiyi pul olur. Cinayət işlərinin araşdırılmasında bəzən çox da diqqət cəlb etməyən detallar işin açılmasına gətirib çıxarır. Belə ki, polis Luisin meyitini tapanda onun əlində bir neçə dənə 100 dollar var idi. Bu heç kimin diqqətini çəkmir. Və hesab edirlər ki, Pemin pul marağı olsaydı elə bunları da götürərdi. Lakin Pem də bunu məhz polislər belə düşünsün deyə edir. O, Luisin böyük miqdarda pulunu götürdükdən sonra az bir hissəsini əlində saxlayır. Amma bu dəfə onun planları öz əleyhinə çevrilir.

Hiyləgər qadının bunları necə nəzərə almaması da maraqlıdır. Belə ki, Luisin üzərində aşkar edilən əskinasların seriya nömrəsi cinayət işinə əlavə edilir. Üstündən xeyli zaman keçdikdən sonra,  Pemin evində axtarış edilən zaman tapılan 100 dollarlıq əskinaslar eyni ardıcıllığın bir hissəsi idi. Bundan başqa, onu ələ verən detallardan biri də telefon danışıqları oldu. Müəyyən edildi ki, Pem qətldən təxminən 45 dəqiqə əvvəl Luisin olduğu bölgədəymiş. O, vəziyyətdən çıxmaq üçün “qızımın evindəydim” deyir. Lakin onu sübut edə bilmir.

Betsinin ölümündən sonra Pem təxminən 150.000 dollar qazanmışdı. Amma Luisin ölümünün ona nə qazandırdığını polis açmır.

Vaxtında yaxalansaydı, Pemin növbəti vəhşi cinayəti heç olmayacaqdı…

Əgər Betsi ölən kimi onun əsl qatilini həbs etsəydilər dünyada daha bir ana cinayəti baş verməyəcəkdi. Pemlə bağlı araşdırma aparılarkən məlum olur ki, o vaxtilə öz anasını da öldürüb pullarını alıbmış. Öz işlədiyi şirkətdə anasının həyatını sığortalayır və sonra… Bu dəfə onu anasının pullarına olan ehtirası “dəli” edir.

Qızının əlindən ölən ananı necə biri idi?

Neymann Şirley həyata gözlərini 2013-cü ildə birdəfəlik bağlayır. Onu çox yaxşı insan kimi tanıyırdılar. Mərhum Viktor Cozef Neymanın sevimli həyat yoldaşı və dörd övladın mehriban anası idi. O, ali təhsil almışdı və ibtidai siniflərdə dərs deyirdi. Şagirdləri də qadını çox sevirdi. 77 yaşındakı Şirli həmişə keçmişi ilə fəxr edirmiş. 4 övladının olmasına baxmayaraq, 2013-cü ilə qədər o, müstəqil qocalar evinin üçüncü mərtəbəsindəki mənzildə tək yaşayırdı. Eyni zamanda o ürək xəstəliyindən və demensiyadan (unutqanlığın ön planda olduğu bir xəstəlikdir, bəziləri buna ağılsızlıq da deyir) əziyyət çəkirdi. Ona görə də onun hər şeyi unutması qeyri-adi deyildi. Hətta ən yaxşı günlərində belə birdən kefi pozulurdu. Amma heç kim onun həyatını yıxılaraq itirəcəyini düşünməzdi, bu sadəcə heyrətamiz idi. Necə yıxılmışdı, kim görmüşdü onun yıxıldığını?

 

Viktor Cozef və Şirli Neyman

Şirlinin cəsədi (daha dəqiqi, cəsədinin parçaları) yaşadığı mənzilin eyvanının altından xadimə tərəfindən tapıldı. Onunla birlikdə yerə çırpılan ağır məhəccər cəsədi tamamilə dağıtmışdı. İlkin araşdırmalarda belə qeyd edildi ki, yaşlı qadın müvazinətini itirdikdən sonra eyvandan birbaşa yerə yıxılıb. Tibbi rəyə görə, Şirli səkkiz dəfə sakitləşdirici dərman qəbul edib, “təsadüfən” yıxılaraq döş qəfəsinin küt zərbəsindən dünyasını dəyişib.

Bəs əslində Şirli Neyman necə öldü?

Şirli Neymanın ölümündə ilkin baxışlara görə, detektivlərin nədənsə şübhələnmələrinə heç bir səbəb yox idi. Bununla belə, onlar qadının yüksək dozada aldığı dərmanla bağlı məqamın arxasınca düşürlər. Araşdırmalarla məlum olur ki, ana həmin yüksək dozada dərmanı məhz qızı Pem Huppın evində qəbul edib. Və ölümündən bir gün əvvəl qadın qızının yanında gecələyibmiş. Bunları artıq görməzdən gələ bilmədilər. Üstəlik Pemin Betsi cinayətində verdiyi ifadə diqqətləri çəkir. O ifadəsində belə deyirdi:

  • Bunu söyləməyə çox nifrət edirəm, amma yenə deyirəm ki, mən pul hərisi deyiləm. Əgər həqiqətən pul istəsəm… Anam milyon dollar dəyərindədir… Əgər həqiqətən pul istəsəm, anamı öldürərdim. Onu öldürmək asandır. Yoxsa, Betsi ilə döyüşmək nəyə lazımdır? Fiziki olaraq Betsi məndən güclüdür.

İkinci dəfə dindirildikdə isə qadın görür ki, ittihamlardan qaça bilməyəcək. Bu zaman o qələmdən istifadə edərək açıq-aşkar intihara cəhd edir. O, qələmin boyun damarına və biləklərinə saplayaraq özünü öldürmək istəyir. Özü də bunu anasının cinayəti ortaya çıxdıqdan sonra edir. Görünür ki, nə qədər vicdansız və qansız olsa da anası ilə bağlı etdikləri ona haradasa təsir edə bilibmiş. Elə bu əməli ilə eyni zamanda cinayətlərini qəbul etmiş olur…

Bütün qurbanlarını geri qaytarmasa da o, ömürlük həbs cəzası ilə məhkum olur.

Ardı var…

PAGE TOP