İki gün əvvəl həbs edilən prodüser Təranə Səmədova ilə bağlı yeni iddialar ortaya çıxıb.
Lent.az-ın məlumatına görə, prodüserin qonşuları tərəfindən onun evində cinsi-azlıqları qonaq edib və uşaqlarını diləndirməsi ilə bağlı bir neçə iddia irəli sürülüb.
Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə əlaqə saxladıq. O, Lent.az-a açıqlamasında bildirdi ki, uşaqları dünən tibbi-müayinədən keçirdik və şükür olsun ki, ciddi bir şey yoxdur:
“Təranənin 7 aylıq kiçik qızında çəki azlığı var. Körpəyə müalicə yazılıb. Suelin isə yaşadığı bir çox ağır hadisələrə görə mütəmadi olaraq psixoloq konsultasiyalarına getməsi vacibdir. Uşaqlarda ata faktoru və bağlılığı görmürəm. Suelin beynində atanın yoxluğu formalaşdırılıb. Yəni ona aşılayıb ki, sənin atan da, anan da mənəm və s. Sueldə ataya qarşı bir münasibət yoxdur.
O ki qaldı qonşular tərəfindən yayılan iddialara, bəli, Suel özü deyir ki, anam aqressiv vəziyyətdə bizə xəsarət yetirməsin deyə uşağı da götürüb, evdən qaçmışam. Bu gün Xətai Rayon Polis İdarəsinin əməkdaşları Suelin izahatını alıb. Ümumiyyətlə, uşaqların diləndirilməsi və digər iddialarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Polis uşaqlara qarşı şiddət, zorakılıq və ya digər hərəkətlərin edilməsi ilə bağlı təhqiqata başlayıb. Əgər fakt varsa və təsdiqini taparsa, Təranə Səmədova əlavə məsuliyyətə cəlb ediləcək”.
Qeyd edək ki, Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı.
Onu da qeyd edək ki, Təranə Səmədova bir neçə gün əvvəl yenidən həbs olunub.