Bu gündən etibarən ölkədə marketlərdə polietilen torbalar ödənişlidir.
Belə ki, mağazalarda iri ölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçik ölçülü torbalar isə 3 qəpiyə satılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır.
Bəs, alıcılar bu məsələyə necə reaksiya verdilər? Lent.az-ın əməkdaşları bu münasibəti öyrənmək üçün şəhərdə bir neçə marketə baş çəkib.
Şəhər sakinləri sellofan torbaların ödənişli olması ilə bağlı təəssüratlarını bu cür bölüşüb:
Şəhər sakini Əhməd Quliyev artıq məcbur qalmadıqca sellofan torba almayacağını bildirib:
“Bu heç də doğru bir qərar deyil. Axı, sellofan torbanın nə dəyəri var ki, onu ödənişli edirlər”.
Şəhər sakini Validə Həsənova yeni qərardan narazı olduğunu qeyd edib:
“Ərzaqların qiyməti günü-gündən qalxır. Buna görə də düşünürəm ki, sellofan torbaların ödənişli olmasına ehtiyac yoxdur”.
Şəhər sakini Fərid İsmayılov qeyd edib ki, digər ölkələrdə də sellofan torbalar ödənişli şəkildə verilir:
“Lakin böyük ölçülü sellofan torbaların 5 qəpiyə satılması bahadır. Düşünürəm ki, qiymətlər 1 qəpikdən 3 qəpiyə qədər dəyişməlidir”.
Şəhər sakini Günay Əliyevanın sözlərinə görə, Azərbaycanda əmək haqqı aşağı olsa da, qiymətlər yüksəkdir:
“Qazancımız ehtiyaclarımızı ödəmir. Amma biz “qılınc müsəlmanıyıq”. Necə ki, gediş haqqının 40 qəpik olmasına öyrəşdiksə, sellofan torbaların ödənişli olmasına da öyrəşəcəyik”.
Şəhər sakini Məhəmməd Mirzəyev bildirib ki, bu yeni qaydanı irəli sürmək doğru deyil:
“Çünki biz hazırda müharibə şəraitində və qiymətlərin yüksəlməsi dövründəyik. İnsanlar onsuz da çətin dolanır. Belə bir şəraitdə sellofan torbaların ödənişli olması qətiyyən düzgün bir qərar deyil”.