“Polietilen torbaların pulla satılması məsələsini Azad İstehlakçılar Birliyi 10 il bundan öncə qaldırıb. Bu MDB və dünya təcrübəsidir. Polietilen torbalardan imtinanı azaltmaq üçün yollardan biri də onların ödənişli olmasıdır. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı bu işdə bir səhv var. Çünki onlar qalınlığı 15 mikrondan kiçik olan torbaları nəzərdə tuturlar. Onda belə çıxır ki, qalan torbalar ətrafı çirkəndirmir? Bu isə çox səhv bir fikirdir”
Məcra.az xəbər verir ki, bunu Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Ekspert polietilen torbaların insanlara olan zərərindən də danışıb:
“Mənim nazirliyin əməkdaşlarıyla bu barədə söhbətim olub. Onlar bildiriblər ki, nazik torbaları külək uzağa aparır deyə ona görə bununla mübarizə aparırıq. Mən isə deyirəm ki, nə fərqi var yüngül torbalar uzaqda, qalın torbalar da yazınlığımızda ətrafı çirkləndirəcək. Bu isə yalnış bir düşüncədir. Qərarda üstü yazılı olan qalın və nazik torbaların hamısı nəzərdə tutulmalıydı. Əksinə, qalın və üstü yazılı torbalar öz yazı rənglərində ağır metalları evlərimizə daşıyır. Əksər hallarda rəngi çıxır, əllərə toxunur və insanların tədrici zəhərlənməsinə rəvac verir. Bütün hallarda bu çox əhəmiyyətli məsələdir, polietilen torbalar mütləq pullu olmalıdır, kassa qəbzində də qeyd olunmalıdır”.
E.Hüseynov insanların marketlərdən alış-veriş edərkən həsirli talış zənbillərindən istifadə etməsini təklif edib:
“Biz bununla bağlı alternativ təkliflər də vermişik. Azad İstehlakçılar Birliyi olaraq layihə çərçivəsində 500-ə qədər bazar torbası hazırladıq, əhaliyə pulsuz payladıq və insanlar da bunu çox müsbət qarşıladı. Polietilen torbaları biz cənub bölgəsində toxunan el arasında “talış zənbilləri” kimi tanınan həsir zənbillərlə əvəz edə bilərik. Əhalinin birdəfəlik bazar torbalarına keçməsi vacibdir və mən özüm də illər boyudur bundan istifadə edirəm. Talış zənbilləri ekoloji cəhətdən təmiz bazar torbalarıdır. Bir sözlə, polietilen torbaların pulla satılması çox vacib məsələdir və bu, əhalini polietilen torbalardan uzaqlaşdırmağa gətirib çıxara bilər. Hökumətin insanların xeyrinə olan bir çox qərarları var, lakin onlar təəssüf ki, insanlar tərəfindən dəstəklənmir. Məsələn, tütün məmulatlarının azaldılmasına dair məsələlər buna misal ola bilər. Bütün bu cür məsələlər cəmiyyət tərəfindən dəstəklənməlidir”.
Qeyd edək ki, bu gündən marketlərdə polietilen torbalar ödənişli olacaq.
Vasif Əlihüseyn