“İKİ DÖVLƏT – BİR MİLLƏT, BİR CAN, TÜRKİYƏ-AZƏRBAYCAN”

Cəlilabad rayon Veteranlar Təşkilatı qardaş Türkiyədə çoxsaylı insan tələfatına və böyük dağıntıya səbəb olan zəlzələylə bağlı “İki dövlət-bir millət, bir can, Türkiyə-Azərbaycan” mövzusunda tədbir keçirib. Tədbirə rayon icra hakimiyyətinin rəsmiləri, Əmək və Müharibə veteranları, ictimai birliklərin nümayəndələri və qardaş ölkəyə yardım kompaniyasında fəal iştirak edənlər dəvət olunublar. Rayon Veteranlar evində təşkil edilən tədbirdən öncə təbii fəlakətdə həlak olan türkiyəli bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman qardaş Türkiyədə baş verən yüksək dağıntı gücünə malik olan zəlzələnin törətdiyi ağır fəsadlardan danışıb, faciənin ilk günündən dövlətimizin və xalqımızın qardaş türk xalqının yanında olduğunu xüsusi vurğulayıb.

O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində Türkiyə bütünlüklə bizə dəstək olduğu kimi biz də təbii fəlakətlə üzləşən dost ölkəyə hər cür qardaş yardımı göstərməyə çalışırıq. Fövqəladə nazirliyinin 900-dən çox əməkdaşı axtarış-xilasetmə işləri aparır, tibbi personalımız dağıntılar altından yaralı çıxan sakinlərə tibbi xidmət göstərir, zəlzələ bölgəsinə yollanan könüllülər humanitar yardımların paylanılmasında fəal iştirak edirlər. Ölkəmizin hər yerində təşkil olunan qardaş ölkəyə yardım kompaniysı bu gün də mütəşəkkil şəkildə davam edir.

Bütün bunlar bir daha göstərir ki, biz iki dövlət olsaq da, bir millət və bir canıq. Rayon icra hakimiyyətinin Cəlilabad şəhəri üzrə nümayəndəsi Ramin Əmənov, rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, Qarabağ qaziləri ictimai birliyinin sədri Maşallah Əliyev, rayon icra hakimiyyətinin ərazi dairəsi üzrə nümayəndəsi Simran Əlizadə, Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin sədri İlkin Qubadov, şəhid atası Zaur Məmmədov, Əmək və Müharibə veteranları Kamran Sadıqov, Mirağa Salmanov, Rəsul Bayramov, qardaş ölkəyə yardım kompaniyasının təşkilatçıları Əsəd Abbasov, Mərifət Səmədli, Asəf İsmayılov və başqaları çıxış edərək qardaş ölkənin düçar olduğu faciədən ürək ağrısı ilə danışıblar, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyiblər. Sonda doğma Türkiyə respublikasına göstərilən qardaş köməyində fəal iştirak edən bir qrup rayon sakininə rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub.