“Cənablar, yardım kampaniyasını şəxsi reklamımıza çevirməyək…” – Xalq artistindən çağırış

“Zaman keçdikcə, dünyada və ölkəmizdə müəyyən hadisələr baş verdikcə mənim mənsub olduğum millətə, dövlətə sevgim 5 qat, 10 qat artır. Biz bir daha böyük mərhəmət, mədəniyyət və əxlaq sahibi olan türk millətindən olduğumuzu bütün dünyaya bəyan edirik”.

 

Məcra.az xəbər verir ki, bunu Modern.az-a Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycanda təşkil olunan Türkiyəyə yardım aksiyasından danışarkən deyib. Onun sözlərinə görə, sadə vətəndaşların qardaş Türkiyəyə yardım üçün axın etməsi türk dünyasının gücündən xəbər verir:

 

“Biz bir daha böyük mərhəmət, mədəniyyət və əxlaq sahibi olan türk millətini təmsil etdiyimizi bütün dünyaya bəyan edirik. Nəriman Nərimanovun Mustafa Kamal Paşaya yazdığı cavab məktubu var. “Türklərdə adət var, qardaş qardaşa borc verməz. Qardaş qardaşın əlindən tutar və yanında olar”, – məktubda deyilir. Bunun üzərindən 100 il keçib. Ancaq bizim mənəviyyatımızda və əxlaqımızda heç nə dəyişməyib. Türkiyə bizim üçün vətəndir. Orada yaşayanlar bizim qardaş-bacılarımızdır. Qardaş ölkədə kiminsə başı ağrısa bizim də başımız ağrıyar. Ona görə də, bu gün Türkiyədə baş verənlər bütün türk dünyasının faciəsidir. Hamımız əl-ələ verib, bu faciənin altından qalxmalıyıq”.

 

Xalq artistinin sözlərinə görə, Türkiyə çətin günləri geridə qoyacaq və faciədən üzüağ çıxacağıq:

 

“Dövlət başçımızın dediyi kimi, bu, çox böyük faciədir, dəhşətdir. Amma biz qardaşlarımızın, Türkiyənin yanındayıq. Sona qədər də yanlarında olacağıq. Çünki biz qardaşıq, bir millətik. Düşünürəm ki, bu sözlər hər bir azərbaycanlının ürəyindən xəbər verir. Bu gün bütün Azərbaycan bir can olaraq, güc olaraq Türkiyədə yaranan problemin həllinə çalışır. Fövqəladə Hallar Nazirliyinin 700-dən yuxarı əməkdaşı orada çalışır. Dağıntılardan insanları xilas edirlər. Artıq son məlumata görə, 37-dən çox insanı xilas ediblər. Fövqəladə Halar Nazirliyinin əməkdaşları orada qəhrəmanlıq nümayiş etdirirlər. Bu, bizik, bu, Azərbaycandır, Azərbaycan türkləridir.  Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bir qarışqa yükü qədər bu problemin həllinə kim kömək edirsə, o bizim millətə məxsusdur. Həmin insan Allahın sevdiyi insandır. Allah millətimizi, bayrağımızı, dövlətimizi, Türkiyəmizi qorusun. Türkiyə bütün türk dünyasının mayakıdır, gözünü tikdiyi böyük günəşidir. Heç kim tələsməsin, heç kim kədərlənməsin, bu da keçəcək. Çünki Türkiyə var, Azərbaycan, Pakistan var. Bu da Allahın bir imtahanıdır. Allah güclüləri imtahan edər. Biz bu imtahandan da keçəcəyik. Çünki türklər Allahın əsgəridir”.

 

Bundan əlavə, N.Mehdixanlı hər kəsi Türkiyəyə maddi yardım etməyə çağırıb:

 

“Mənə elə gəlir ki, bu gün paltarlardan çox maddi yardıma ehtiyac var. İlk günlər paltar yardımına ciddi ehtiyac var idi. Ancaq bu kifayət qədər zaman aparan bir işdir. Biz hamımız hesablara pul köçürməliyik. Hamını da buna səsləyirəm. “Ziraət” bankın elan etdiyi hesab var, yardım pullarımızı ora köçürək. Dar günündə qardaşlarımızı tək qoymarıq”.

 

Sonda Xalq artisti bəzi şəxsləri yardım kampaniyasını şəxsi reklama çevirməməyə çağırıb:

 

“Həzrəti Əlinin belə bir kəlamı var, deyir ki, “sağ əlin verdiyindən sol əl, sol əlin verdiyindən sağ əl xəbərdar olmamalıdır”. Yardımını reklam edənləri sevmirəm. Sizə bir faktı demək istəyirəm. Borçalıdan bir xanım əl arabası ilə paltar aparır. Bu zaman onu çəkmək istəyənlərə deyir, “üzümü çəkib, məni göstərməyin”. Mən də üzümü tutub deyirəm: cənablar, bu yardım kampaniyasını şəxsi reklamımıza çevirməyək. Allah bilir, sən bilirsən, kifayətdir”.

 

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələdən sonra Azərbaycan dərhal qardaş ölkəyə yardım əlini uzadıb. Prezident İlham Əliyevin göstərişi ilə axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə göndərilib. Eyni zamanda Heydər Əliyev Fondu yardım kampaniyası başladıb.

PAGE TOP