Prezident İlham Əliyevin cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında dediyi kimi, Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var.
Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq və yeni enerji layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub. Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisindəki çıxışında da bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra ölkəmiz Avropa bazarlarına ixracı artıra bilib. Təbii ki, dekabr ayı enerji təhlükəsizliyi üçün çox vacib idi, çünki iki mühüm hadisə baş tutdu. Birincisi, biz Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladıq və qaz təchizatı bu yaxınlarda başlayacaq.
Qazın paylanması ilə əlaqədar yaxşı uğurlarımız var. Biz yaşıl enerji ilə bağlı saziş imzalamışıq, həmçinin təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmalı və bunu vahid paket çərçivəsində etməliyik. Bizim güclü siyasi iradəmiz və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur.
Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artırıb, Türkiyəyə, İtaliyaya, Gürcüstana, Yunanıstana və Bolqarıstana əvvəlkindən xeyli çox təbii yanacaq ixrac olunub.
Beləliklə, Rumıniya həmin Cənub Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə qoşulur və biz, həmçinin Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzaladıq. Bu, səylərimiz üçün əlavə əməkdaşlıq imkanını yaradacaq enerji təhlükəsizliyində bir növ yeni səhifə açacaq.
Ədalət Əsgərov,
Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri