2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar Cəlilabad rayon Veteranlar Təşkilatı tədbir keçirib. Tədbirdə əmək və müharibə vetetanları ilə yanaşı rayonun fəal gəncləri də iştirak edib. Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək bildirib ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub. 1996-cı il 2 fevral tarixində Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilib.
1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir. O, öz çıxışına davam edərək fəxrlə vurğulayıb ki, Azərbaycanın qəhrəman gəncləri ordumuzun sıralarında rəşadətlə vuruşaraq adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların igidliyi sayəsində qazanılan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Tədbirdə şəhid atası Əsədxan Həşimov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Gülbala Teymur, Mədəniyyət şöbəsinin 3 saylı klubunun müdiri Xeyrulla Şahbazov, “Dəmir yumruq” ictimai birliyinin sədri Rəfael Şükürov, Qarabağ qazisi Qurban Əhmədov, Əmək veteranları İsrail Nuriyev, Telman Əskərov, Mirzəbala Hüseynov, Mirhəbib Əzimov və gənclər adından Xəyal Əliyev çıxış edib qeyd etdilər ki, gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz prezident İlham Əliyevdir.
Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”,- sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir. Sonda ictimai-siyasi tədbirlərdə fəal iştirak edən bir qrup gəncə Gənclər Günü münasibəti ilə rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub.