Hər bir azərbaycanlının milli borcu, vəzifəsi respublikamızın dövlət müstəqilliyini qoruyub saxlamaqdır. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Azərbaycan dövləti ölkə gənclərinin bütün problemlərini həll edib, onlara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərin də dövlətin etimadını hər addımda doğruldur, bütün sahələrdə xalqımıza üz ağlığı gətirirlər.
Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Bu gün biz şəhid və qazilərimizin sırasına, azad olunan ərazilərimizlə bağlı medallarla təltif edilənlərin siyahısına baxan da görürük ki, onların əksəriyyəti Azərbaycan gəncliyidir. Hesab edirəm ki, bu da Azərbaycan gəncliyinin ən yaxşı nümunələrindən biridir. Dövlət başçısı da forumdakı çıxışında Vətən müharibəsində gənclərin həlledici rolunun olduğunu qeyd etdi və dedi ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Biz bu gün haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.
Ordu quruculuğu Azərbaycanda dövlət üçün həmişə prioritet olub. Ordu quruculuğu istiqamətində həyata keçirilən qlobal tədbirlər, müxtəlif miqyaslı təlimlər, müxtəlif səviyyəli beynəlxalq təlimlər, ordunun ən müasir silahlarla təchiz edilməsi şəxsi heyətin döyüş hazırlığı, müxtəlif tədbirlər, Ali Baş Komandanın Vətən müharibəsinə qədər ön xətdə, səngərlərdə hərbi qulluqçulara tövsiyələri, xidmətdə fərqlənənləri mükafatlandırması şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltmişdi. Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındaydı. Vətən müharibəsində qazandığı qələbə onun qüdrətini daha da artırdı. Bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı.
Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın bəşəri qələbəsi oldu. Bu qələbə həm də Azərbaycan gəncliyinin qüdrəti kimi tarixləşdi.
Müharibədə döyüşlər həm ordunun qüdrətinin, həm də döyüşçülərin döyüş əzminin, qələbə ruhunun göstəricisi olur. Əsgər qətiyyətlidirsə, ordu qətiyyətlidir, əsgər güclüdürsə, ordu güclüdür, əsgərin döyüş hazırlığı yüksəkdirsə, ordunun döyüş hazırlığı yüksəkdir. Vətən müharibəsinin gənc iştirakçılarının igidliyi heç vaxt yaddan çıxmayacaq.
Elçin Hüseynov,
Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi