Hər bir ölkədə cəmiyyətin aparıcı qüvvəsi gənclərdir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.
2 Fevral günü respublikamızda Azərbaycan Gəncləri Günü böyük coşğu ilə qeyd olunur. Bu gün Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralın Gənclər günü elan edilməsi, gənclərə dövlətin diqqət və qayğısını parlaq şəkildə əks etdirir. Müvafiq dövlət proqramlarının həyata keçirilməsi, Gənclər Fondunun yaradılması, o cümlədən dövlətin müxtəlif qurumlarında gənclərə rəhbər kimi yüksək etimad göstərilməsi bu siyasətin nəticəsidir.
1990-cı ilin əvvəllərində dövlət müstəqilliyini yenidən əldə etmiş respublikamızda mürəkkəb ictimai-siyasi proseslər cərəyan edir, dövlətimizə xələl gətirən, onun ərazi bütövlüyünün pozulmasına çalışan qüvvələr, separatçı mövqedən çıxış edirdilər.Vətənin müdafiəsi torpaqlarımızın qorunması uğrunda yüzlərlə şəhid vermiş gənclərimiz diqqətdən kənar qalmışdılar. Belə bir tarixi şəraitdə Azərbaycan xalqının tələbi və iradəsi ilə hakimiyyətə gələn möhtərəm Prezidentimiz Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət gənclərlə iş sahəsində də dönüş yaratmağa imkan verdi.
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparır. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının ötən il fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışında söylədiyi “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – sözləri Azərbaycan dövlətinin gənclərə etimadının bariz nümunəsidir.
Heç şübhəsiz ki, burada da əsası Ulu öndər Heydər Əliyev tərfindən qoyulan və cənab Prezident İlham Əliyev tərfindən davam etdirilən gənclər siyasəti əsas rol oynayır. Bu diqqət və qayğıdan güc alan Azərbaycan gəncliyi həm də vətənpərvərliyi, öz xalqına və dövlətinə bağlılığı ilə fərqlənir. Bu, bir daha sübut edir ki, Azərbaycan gəncliyi düz yoldadır.
Hikmət Qələmov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Zopun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi