Məcra.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Əmək veteranı Mirhəbib Sadiqin “İrfan əhli dərk edər” kitabının təqdimat mərasimini keçirib.
Rayon Veteranlar evində düzənlənən tədbirə rayonun tanınmış şair və yazıçıları ilə yanaşı əmək və müharibə veteranları da dəvət olunublar. Təqdimatdan öncə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist Ədalət Salman müəllifin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, təqdim olunan kitabda toplanmış müxtəlif vəznli şeirlərin bədii xüsusiyyətlərindən danışıb, adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını təbliğ edən belə kitabların gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi müsbət təsiri xüsusi vurğulayıb. Qələm adamlarından Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, Əlizadə Nuri, İman Abdulla, Əlövsət Tahirli, Qurban Əhməd, bədii qiraət ustası Mikayıl İnçəçaylı, əmək veteranları Mirməsləhət Əhmədov,Təyyar Məmmədov, Mirzəbala Hüseynov, müharibə veteranı Maşallah Əliyev və başqaları Mirhəbib Sadiqi yeni kitabının nəşr olunması münasibətilə təbrik edib,şeirləri haqqında öz ürək sözlərini söyləyib və ona yaradıcılıq uğurları arzulayıblar.
Muğamlarımızın gözəl ifaçısı Akif Babayev isə şairin bir neçə qəzəlini muğamat üstə oxuyaraq tədbir iştirakçılarına xoş ovqat yaşadıb. Tədbirin soninda kitabın müəllifi Mirhəbib Sadiq kitabın təqdimatını təşkil edən rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına təşəkkürünü bildirib, yaradıcılıq işindən danışıb və öz oxucularına kitablarını hədiyyə verib.