Azərbaycanın görkəmli xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi, dramaturq, publisist, Milli Məclisin II və III çağırış deputatı Vaqif Səmədoğlunun vəfat etməsindən səkkiz il ötür.
Şair 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Əslən Qazax rayonun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundadır.
O, Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1968-1971-ci illərdə Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri, 1992-1994-cü illərdə “Oğuz eli” qəzetinin baş redaktoru vəzifələrində çalışıb.
1962-1963-cü illərdə Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Sonra 1963–1971-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, 1982-1985-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifələrində işləyib.
Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. 1970-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. 1989-cu ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, 1992-1994-cü illərdə “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycanın Xalq Şairi adına layiq görülüb. 2000-ci ildə Azərbaycanın Milli Məclisinə deputat seçilib.
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də Bakıda dünyasını dəyişib. Bir gün sonra Birinci Fəxri xiyabanda dəfn olunub. 2019-cu ilin iyununda Qazax rayonunun “Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstünün açılışı olub.
Qeyd edək ki, şair “İstiqlal”, “Şərəf” ordenlərinə, “Humay”, “Nəsimi” mükafatlarına layiq görülüb. Səməd Vurğunun ev-muzeyinin direktoru onun həyat yoldaşı Nüşabə Vəkilovadır.
Xalq şairi 2014-cü ildə İsraildə xərçəng xəstəliyindən müalicə olunan zaman Allaha müraciətlə bir şeir paylaşıb:
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah, Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
76 yaşında vəfat edən Xalq şairinin məzarına başdaşı qoyulmayıb, qəbirüstü abidə yalnız sinədaşından ibarətdir. Sinədaşında şairin yaradıcılığından bir neçə misra sitat gətirilib və həmin misralara uyğun olaraq məzar üstünə bir cüt ayaqqabı da qoyulub.
“Məzarıma nə başdaşı qoyun, nə heykəl. Bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin…” Oxu.Az